“Qalatasaray”ın əfsanəvi kapitanı üçün Azərbaycanda yeni sınaq
03.11.2009 - 18:35
“Qalatasaray”ın əfsanəvi kapitanı üçün Azərbaycanda yeni sınaq
Sabah Azərbaycan kubokunda iki əcnəbi baş məşqçi debüt edəcək. Apasport.az saytının məlumatına görə, türkiyəli Bülənt Korkmazla (“Bakı”) bosniyalı Kemal Alispahiç (“Muğan”) çalışdıqları ölkənin kuboku uğrunda yarışda ilk dəfə imtahandan keçəcəklər. Litvalı Valdas İvanauskas da ölkəmizdə debüt mövsümünü keçirən əcnəbi mütəxəssislər sırasında idi. Ancaq 43 yaşlı çalışdırıcı Sumqayıtın “Standard” klubu kubokda mübarizəyə başlamamışdan, daha doğrusu komandaya gəlişindən cəmi 4 ay sonra yola salındı.

“Muğan”dakı 43 yaşlı həmkarı ilə müqayisədə, daha çox tanınan “Bakı”nın türkiyəli baş məşqçisi bu vaxta qədər kubok həyəcanını dəfələrlə yaşayıb. Təkcə bir faktı deyək ki, 41 yaşlı Korkmaz dünyada ən çox kubok qazanan türkiyəli futbolçudur (29 dəfə). Özü də əfsanəvi kapitan bunun hamısına 21 il şərəfini qoruduğu “Qalatasaray”da nail olub. Karyerası ərzində UEFA kuboku və UEFA Superkubokunu da qazanan Korkmaz 6 dəfə Türkiyə kubokuna sahib çıxıb.

Unibank Premyer Liqasının qalan 10 baş məşqçinin hamısı sabah mübarizəyə başlayacaqları Azərbaycan kubokunun həyəcanını əvvəllər yaşayıb. İndi isə həmin məşqçilərin kubokdakı nailiyyətlərinə nəzər yetirək.

Əcnəbi çalışdırıcılardan 61 yaşlı ukraynalı Roman Pokoranın “Simurq”da ən yüksək göstəricisi 1/4 final mərhələsi sayılır. Cari mövsümdən “İnter”i çalışdıran 41 yaşlı gürcü Kaxaber Sxadadze də Bakının “Standard” klubunda işləyərkən 1/4 finalda “ilişib”.

Digər 8 baş məşqçidən Azərbaycan kubokunda ən yüksək nailiyyət Ağasəlim Mircavadova məxsusdur. “Xəzər-Lənkəran”ın 62 yaşlı çalışdırıcısı indiyədək 3 dəfə Azərbaycan kubokunu qazanıb. Bunlardan birincisini 1993-cü ildə Ağdamın “Qarabağ” klubunda, sonrakı ikisini isə “Xəzər-Lənkəran”da (2007-ci və 2008-ci illərdə) əldə edib. Azərbaycan kubokunun son qalibi olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov rekordu ilə öyünə bilər. Belə ki, 37 yaşlı çalışdırıcı ölkə kubokunu həm futbolçu (özü də kapitan qismində), həm də baş məşqçi kimi qazanan ilk və hələlik yeganə şəxsdir. Qurbanovla uzun illər çiyin-çiyinə oynamış Yunis Hüseynov bundan əvvəl sözügedən rekorda nail ola bilərdi. Ancaq kapitan kimi kuboku başı üzərinə qaldırmış “Karvan”ın 44 yaşlı baş məşqçisi 2006-cı ildə elə “Qarabağ”a uduzduğundan (1:2), finalçı olmaqla kifayətləndi.

Azərbaycan kubokunu qazananlar arasında “Neftçi” və “Olimpik-Şüvəlan”ın baş məşqçiləri - köhnə tanışlar Vaqif Sadıqovla Əsgər Abdullayev da var. Özü də buna iki dəfə nail olan 49 yaşlı Abdullayevin vaxtilə rəhbərliyi altında oynadığı Mircavadova çata bilər. O, kuboku 2001-ci ildə “Şəfa”nın, 4 il sonra isə “Bakı”nın sükanı arxasında qazanıb. Özü də bu, hər iki paytaxt klubunun ilk titulu olub. 50 yaşlı Sadıqov isə ilk titulunu elə indiki komandasında qazanıb. O, 1995-ci ildə “Neftçi” ilə Azərbaycan kubokuna yiyələnib.

O ki qaldı Ramiz Məmmədov (“Qəbələ”), Nizami Sadıqov (“Turan”) və Böyükağa Hacıyev (“Standard”), adıçəkilənlərdən ilk ikisi ölkə çempionatımızda və kubokda oynayıblar. Özü də həm Məmmədov, həm də Sadıqov kubok qazanıblar. Onlar buna müfaviq olaraq “Şəfa” və “Kəpəz”də sahib çıxıblar. Ancaq bunun davamını məşqçi fəaliyyətində gətirmək müşkülə çevrilib. 42 yaşlı Sadıqov “Turan”ın sükanı arxasında ilk dövrdə (2000/01 mövsümü) ölkə kubokunun yarımfinalına kimi irəliləyə bilib. 41 yaşlı Məmmədov isə son iki mövsümdə “Qəbələ”ni yarımfinala çıxarsa da, həlledici görüşə vəsiqə qazana bilmir. 51 yaşlı Hacıyevin ölkə kubokunda ən yaxşı göstəricisi “Bakı”da işlədiyi vaxta (2006/07 mövsümü) təsadüf edir: 1/4 final.

Azərbaycan kuboku, 1/8 final mərhələsi
İlk oyunlar
4 noyabr


18:00. "Simurq" - "Gəncə"
14:00. "Olimpik-Şüvəlan" - "Qəbələ"
14:00. "Qarabağ" - "Şahdağ" (Qusar)
17:00. "Xəzər-Lənkəran" - "Muğan"
15:00. "Bakı" - "Bakılı"
14:00. "Standard" - "Turan"
14:00. "Neftçi" - "Neftçi İSM"
18:30. "İnter" - "Karvan"