Çempionlar Liqası: 4 klub 1/8 finalda
04.11.2009 - 10:57
Çempionlar Liqası: 4 klub 1/8 finalda
Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin 4 iştirakçısı məlum olub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV turunun birinci oyun günündən sonra 4 komanda öz qrupunda ilk 2 yerdən birini təmin edib. D qrupunda belə demək mümkünsə, ÇL həyəcanı itib. Məsələ burasındadır ki, İngiltərə “Çelsi”si ilə Portuqaliya “Portu”su növbəti mərhələyə yüksəlib. Növbəti iki tur bu komandalardan hansının birinci yeri tutacağını, həmçinin Avropa Liqasına yollanacaq klubu müəyyənləşdirəcək. Avropa Liqasına yeganə vəsiqəyə “Atletiko” (İspaniya) və ya APOEL (Kipr) sahib çıxacaq.

A qrupunda da 2 komanda üçün ÇL-dəki mübarizəni bitmiş saymaq olar. Fransa “Bordo”su artıq 1/8 finala vəsiqə qazanıb. İsrail “Makkabi”si isə yalnız Avropa Liqasına ümid edə bilər. B qrupunda da oxşar mənzərə yaranıb. İngiltərə təmsilçisi “Mançester Yunayted” növbəti mərhələyə çıxdığı halda, Türkiyənin “Beşiktaş” komandasının 2 oyundan sonra ÇL-lə vidalaşacağı rəsmiləşib. “Qara qartallar” da Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparacaq. Düzdür, həm birinci, həm də ikinci yer uğrunda mübarizədə 2 və ya 3 komandanın xalı bərabər ola bilər. Lakin istənilən halda, “Mançester Yunayted” və “Beşiktaş” üçün bu heç nəyi dəyişməyəcək.