“Şahin Diniyevin işindən razıyam”
04.11.2009 - 14:53
“Şahin Diniyevin işindən razıyam”
Çeçenistan prezidenti Ramzan Kadırov Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin işinə qiymət verib. Apasport.az saytının məlumatına görə, Qroznının “Terek” klubunda da prezident postunu tutan Kadırov iki həftə öncə əsas komandaya baş məşqçi təyin etdiyi Diniyevdən razı qalıb. 43 yaşlı azərbaycanlı mütəxəssis bir il öncə məhz Kadırovun dəvəti ilə Qroznı təmsilçisinə qayıdıb. Diniyev “Terek”in gənclərdən ibarət komandasının sükanı arxasında uğurlu işi ilə yadda qalıb.

33 yaşlı Kadırov bildirib ki, klub qarşısında qoyduğu vəzifə yerinə yetirilib: “Mövsümün əvvəlində söhbət çeçen futbolunun yetirmələrinin 2010-cu ilə hazırlamaqdan gedirdi. Bu vəzifəni praktiki olaraq, yerinə yetirilmiş saymaq olar. Hazırda gənclərdən ibarət heyətimizdən əsas komandamızda 3 futbolçu - Adlan Katsayev, Rizvan Utsiyev və Zaur Sadayev oynayır. Bu futbolçular son turlarda artıq ilk dəqiqələrdə meydana daxil olurlar və tanınmış futbolçuların fonunda yaxşı olmasa da, pis də təsir bağışlamırlar. Gələn mövsümdə əsas heyətə əlavə olaraq, çeçen futbolçuları cəlb etmək lazımdır. “Terek” cəmi 2 ildir Premyer Liqada çıxış etsə də, artıq özünü yaxşı tərəfdən göstərib. Əminəm ki, gələn mövsümdə yüksək nəticələrə ümid edə bilərik”.

Qeyd edək ki, Ramzan Çeçenistan Respublikasının ilk prezidenti, 5 il öncə sui-qəsd nəticəsində həlak olmuş Əhməd Kadırovun oğludur. Diniyev 2000-ci ildə “Terek”in əsas komandasında baş məşqçisi işlədiyi dövrdə Əhməd Kadırov klubun prezidenti idi.