“Bakı” 171 gün ərzində nəyi gözləyirdi?
05.11.2009 - 00:05
“Bakı” 171 gün ərzində nəyi gözləyirdi?
“Bakı” klubu cari mövsümdə ilk böyük hesablı qələbəni Azərbaycan kubokunda qazanıb. Apasport.az saytının hesablamalarına görə, son ölkə çempionu növbəti belə uğuru 171 gün gözləməli olub. Başqa sözlə, “Bakı” axırıncı dəfə böyük hesabla ötən çempionatın son turunda Salyanın “Muğan” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə qalib gəlmişdi. Özü də bu, bakılıları tarixində 2-ci ölkə çempionluğuna qovuşdurmuşdu. Bundan sonra avrokuboklarda 6, cari çempionatda 8 oyun keçirən “zolaqlılar”ın rəqibini ən azı 3 top fərqi ilə məğlub etdiyi görüş olmamışdı. Yalnız “Bakılı” ilə ölkə kubokunun 1/8 final mərhələsinin ilk oyununda 6 cavabsız qol vuran “Bakı” darmadağınla cütün taleyini praktiki olaraq, həll edib.

Bugünkü oyun cari mövsümün əvvəlində “Bakı”nın baş məşqçi postuna keçən Bülənt Korkmazın ölkəmizdə qazandığı ilk böyük hesablı qələbə kimi də tarixə düşüb. Sentyabrda makedoniyalı Qyoko Hacıyevskini əvəzləyən 41 yaşlı türkiyəli mütəxəssis komandasının yarım illik həsrətinə son qoyub.

Qeyd edək ki, “Bakı” Korkmazın rəhbərliyi altında keçirdiyi 4 çempionat oyunun 2-də qalib gəlib, 2-də uduzub.