Vəli Qasımov hara, şərhçilik hara?
05.11.2009 - 12:57
Vəli Qasımov hara, şərhçilik hara?
Əbəs yerə demirlər ki, bəzən yaxşı futbolçudan yaxşı məşqçi çıxmır. Buna aid çoxlu misallar var. Ancaq bu dəfə konkret bir nəfərdən - nəinki məşqçiliyi, heç azərbaycanca normal danışmağı da bacarmayan milli komandamızın sabiq üzvü, Bakının “Neftçi”, Moskvanın “Dinamo”, “Spartak”, İspaniyanın “Betis”, Portuqaliyanın “Vitoriya” klublarının şərəfini qorumuş Vəli Qasımovdan söhbət açacağıq.

Dünən “Lider” TV Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Rubin” - “Barselona” matçını yayımlayırdı. Etiraf edək ki, indi heç də hamının belə oyunları xarici telekanallardan izləmək imkanı yoxdur. Buna görə də on minlərlə futbol azarkeşi qarşılaşma ərəfəsində məhz “Lider” TV-yə köklənmişdi. Teleyayımın əvvəlində studiyada şərhçi ilə bərabər, veteran futbolçumuz Vəli Qasımovun olduğunu biləndə isə şübhəsiz ki, sevindik. Çünki onun futbol biliyinin şərh zamanı işə yarayacağını, tamaşaçılara böyük zövq verəcəyinə inanırdıq. Amma sən saydığını say, gör Vəli Qasımov nə danışır...

Veteran futbolçumuz oyun ərzində çox az danışdı, danışmasaydı ondan yaxşı olardı. Bir adam Azərbaycan televiziyasının canlı efirində nə qədər rus sözü işlədə bilər? Bəlkə də bunun dəqiq sayını heç kim bilmir. Lakin indi bu sahədə rekord Vəli Qasımova məxsusdur: “niçya”, “flanq”, “opasnıy moment”, “çem”, “Yevropa”, “taym”, “Rossiya”, “zamen”, “oşibka”, “obyom”, “Liqa Çempionov”, “kontrataka”, “moment”... Hələ bu hamısı deyil.

Düzdür, Vəli Qasımovun rusdilli olması çoxlarına məlumdur. İstənilən halda, bu, veteran futbolçuya bəraət qazandırmır. Heç olmasa, 90 dəqiqəliyə rus sözlərini kənara qoymaq olardı. Canlı efirin, milyonlarla insan qarşısında danışmağın məsuliyyətini dərk etmək lazımdır. Qasımov göstərdi ki, məşqçilik bacarığı olmadığı kimi, nitq qabiliyyəti də yoxdur. Onun azərbaycanca danışdıqlarını anlamaq da çox çətin idi. Qasımovun “Rubin”in ön xəttindəki taktiki dəyişmələr haqqında söylədikləri: “Domingeslə Karadəniz birgə oynayanda, onlardan biri yuxarı qalxır, digəri isə aşağı düşürdü. Buxarov Karadənizi “zamen” eləyəndən sonra o, yuxarıda olacaq, o biri isə aşağıda qalmayacaq”.

Qasımovun iki dəfə təkrarladığı ifadə isə lap gülməli idi: “Qvardiola ispan qəzetində yazırdı ki...”. Sən demə, veteran futbolçumuz fikrini “Qvardiolanın ispan qəzetinə müsahibəsində yazılıb ki...”, yaxud “Qvardiola ispan mətbuatına açıqlamasında bildirib ki...” izah etmək istəyirmiş. Məgər Qvardiola jurnalistdir ki? Hərdən “Lider” TV-nin aparıcısı qeyri-rəsmi olaraq, tərcüməçi funksiyasını yerinə yetirirdi. O, Qasımovun rusca və azərbaycanca sözlərdən qurduğu qrammatik qaydalardan kənar cümlələri hamının başa düşdüyü şəkildə tamaşaçılara çatdırırdı.

Sonda “Lider” TV-nin aparıcısına da kiçik bir həmkar iradımız var. “Rubin”in Kazanda ev oyunlarını keçirdiyi arena Çentralnıy stadion yox, mərkəzi stadion adlandırılır: Kazan mərkəzi stadionu. Təsəvvür edin ki, sabah Ficinin Savusavu şəhərinin mərkəzi stadionundan oyun yayımlanır. Həmin stadionu fici dilində adlandırmalıyıq ki? Azərbaycan qrammatikasına görə, xüsusi isimlərdən başqa bütün isimlər tərcümə olunur (hətta abreviaturalar da tərcümə olunur: ÇSKA yox, MOİK. Əgər ÇSKA deyiriksə, onda BMT-yə də OON, ABŞ-a isə SŞA deməliyik).

Çempionlar Liqasının oyunlarını yayımlamaq yaxşıdır, şərhləri Vəli Qasımov kimilərsiz vermək isə əladır. Çünki bizim futbolçularımızın böyük əksəriyyəti elə oynadıqları kimi də danışırlar.