Kazım “Xəzər-Lənkəran”ın tarixinə düşdü
12.11.2009 - 17:11
Kazım “Xəzər-Lənkəran”ın tarixinə düşdü
Yeniyetmə futbolçu Kazım Kazımlı “Xəzər-Lənkəran” klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan kuboku uğrunda yarışın 1/8 final mərhələsində Salyanın “Muğan” klubu ilə səfərdə keçirilən cavab görüşünün 88-ci dəqiqəsində meydana çıxan 16 yaşlı hücumçu Lənkəran təmsilçisinin heyətində debüt etmiş ən gənc futbolçuya çevrilib.

1993-cü il sentyabrın 5-də anadan olmuş Kazım “Xəzər-Lənkəran”ın heyətində cəmi 16 yaş 66 günlükdə debüt edib. O, əvvəlki rekordçu Rahid Əmirquliyevin göstəricisini təzələyib. Bu sahədə uzun müddət rekorda malik olmuş Rahid debüt oyunu zamanı 16 yaş 344 günlük olub. Bununla belə, Əmirquliyev milli çempionatımızda “Xəzər-Lənkəran”ın heyətində debüt etmiş ən gənc futbolçu statusunu özündə saxlayır. Kazım Premyer Liqanın cari mövsümündə ən azı bir dəfə meydana çıxmaqla, cənub klubunun mütləq rekordçusu adını qazana bilər.

Qeyd edək ki, 17 yaşlılardan ibarət yığmamızın da şərəfini qoruyan Kazım “Xəzər-Lənkəran”ın heyətində rəsmi görüşdə meydana çıxan 96-cı oyunçudur. O, bu komandanın formasını geyinən 45-ci yerli futbolçudur.