Kostadin Cambazov Lənkərana qayıtmayacaq
12.11.2009 - 17:20
Kostadin Cambazov Lənkərana qayıtmayacaq
“Xəzər-Lənkəran” klubunun bolqarıstanlı futbolçusu Kostadin Cambazovun apasport.az saytına müsahibəsi

- Xeyli vaxtdır komandanın düşərgəsini tərk etsəniz də, geri qayıtmamsınız. İndiyədək Bolqarıstanda qalmağınızın səbəbi nədir?
- Ailə problemləri. Evdə problemim olduğu üçün qayıda bilmirəm.

- Bildiyimizə görə, problem qızınızla bağlıdır...
- Hə, elədir. O, elə vəziyyətdədir ki, evdə dayanmadan ağlayır.

- Səhhətində problem yaranıb?
- Xeyr. Sadəcə, mən evdə olmayanda durmadan ağlayır. Çox çətin vəziyyətlə üzləşmişəm, heç özüm də bilmirəm nə edim.

- Qızınız neçə yaşındadır?
- Hələ uşaqdır, üç yaşı var. Mən evdən çıxan kimi dərhal ağlamağa başlayır və onu sakitləşdirmək mümkün deyil. Özü də 1-2 gün göz yaşlarını saxlamaq olmur. Bilirsiniz, necə ağlayır? Hönkür-hönkür...

- Bəs karyeranızla bağlı nə fikirləşirsiniz?
- Ailəmə, qızıma görə vətəndən kənarda oynaya bilmərəm. Qışda çempionatda fasilə yaranan müddətdə gələcək karyeramla bağlı danışıqlar aparacağam. Transferimə normal qiymət qoysalar, özümə yeni klub taparam. Təbii ki, bu, vətənim Bolqarıstanda olacaq. İndiki vəziyyətdə başqa cür alınmır.

- Artıq 3 ildir “Xəzər-Lənkəran”da oynayırsınız. Məgər əvvəllər qızınız sizə görə darıxmırdı?
- Əvvəllər belə problemlə üzləşməmişdim. Onda hələ körpə idi, heç nə başa düşmürdü. İndi vəziyyət fərqlidir. Məni görməyəndə başlayır ağlamağa.

- Belə çıxır ki, qızınız atasını anasından çox istəyir...
- Həqiqətən də belədir. O, məni görməyəndə çox ağlayır.

- Onda ailənizi də Azərbaycana gətirin. Lənkəranda, yaxud Bakıda yaşamaqla, üzləşdiyiniz problemi həll etmək olmaz?
- Yox. İndi ailəmi Azərbaycana gətirə bilmərəm. Çünki böyük qızım məktəbə gedir. İki qızım var. Böyüyü məktəbdə öz dilimizdə yazıb-oxumağı öyrənir. Bakıda, ümumiyyətlə, Azərbaycanda bolqar dilli məktəb yoxdur. Bu da bizim üçün problemdir. Buna görə də alınmır.

- “Xəzər-Lənkəran” rəhbərliyi komandanın düşərgəsinə qayıtmamağınızdan narazıdır. Sizin geri qayıtmamaq üçün müxtəlif bəhanələr gətirdiyinizi əsas gətirərək, AFFA-ya şikayət edilib. AFFA isə öz növbəsində klubun şikayətini FİFA-ya çatdırmalıdır...
- Mən heç bir bəhanə gətirmirəm. Doğrudan da qızımın vəziyyətinə görə buradayam. Bu problem olmasaydı, yenidən “Xəzər-Lənkəran”da oynayardım. Ancaq sadaladığım problemə görə qayıda bilmərəm. İndi ailəmin yanında olmalıyam.

- Bəlkə komandada probleminiz olduğu üçün qayıtmaq fikriniz yoxdur?
- Klub rəhbərliyi, məşqçilər, futbolçular, bir sözlə, hamı ilə münasibətlərim qaydasındadır. Orada hansısa problemlə üzləşməmişəm. Transferimə normal qiymət qoysalar, burada özümə klub tapa bilərəm.

- Təxminən hansı məbləğə?
- İndi bunu deyə bilmərəm. Qışda klubla danışıb, məbləği aydınlaşdırarıq.

- Birdən “Xəzər-Lənkəran”ın qoyduğu qiyməti ödəmək mümkün olmadı?
- Hər şeydə bir hədd var. Yəni, normal qiymət qoyulmalıdır. Rəhbərlik transferimə görə yüksək məbləğ qoysa, kim bunu ödəyəcək? Reallığı əks etdirməyən məbləği təkcə Bolqarıstanda yox, heç yerdə ödəməzlər.

- Belə çıxır ki, qışa qədər Bolqarıstanda qalacaqsınız?
- Bəli. Qışa kimi Lənkərana qayıtmayacağam. Onsuz da indi “transfer pəncərəsi” bağlıdır və başqa kluba keçmək mümkün deyil. “Xəzər-Lənkəran”da heç vaxt problemim olmayıb. Sadəcə, ailəmdə problem yarandığı üçün bu klubdan getməyə məcburam. Necə ola bilər ki, mən burada oynayım, qızım isə evdə mənə görə ağlasın? Adamın ürəyi ağrıyır, parçalanır. Mənim üçün həyatda öncə ailəmdir, daha sonra futbol və başqa şeylər.

- Hər halda, futbolçu ilk növbədə peşəkar olmalıdır. Bir çox legionerlər ailəsindən kənarda qalırlar. Bəs onlar problemi necə həll edir?
- Bilmirəm. Mənim üçün əsas ailədir. Çox çalışdım, amma problemi həll edə bilmədim. Hara gedirəmsə, qızım dalımca gəlir. Eyvana çıxıram, gəzintiyə gedirəm, eyni vəziyyət davam edir. Sadəcə, uşağımdan ayrılmağım alınmır.

- Siz klub rəhbərliyinə üzləşdiyiniz problem haqda məlumat vermisiniz?
- Əlbəttə ki.

- Onların cavabı nə olub?
- Deyiblər ki, ailəni Azərbaycana gətir. Mən onlara da söylədim ki, bu, mümkün deyil.

- “Xəzər-Lənkəran”dan rəhbərliyindən 6 günlük icazə almısınız?
- Ötən ay “Olimpik-Şüvəlan”la Bakıdakı oyundan sonra getmişəm. Həmin görüş öncəsi həyat yoldaşım mənə zəng edib dedi ki, kiçik qızda problem yaranıb. O, eyvanda durub, elə hey ağlayır ki, mən atamı istəyirəm.

- Komanda ilə müqaviləniz cari mövsümün sonuna qədərdir?
- Bəli. Klubla anlaşma gələn yay bitəcək.

- Başqa klubla danışıqlar aparırsınız?
- Xeyr, “Xəzər-Lənkəran”dan başqa heç bir klubla anlaşmamışam. Azərbaycanda yalnız bu komandada oynamışam, başqasında isə forma geyinmək fikrim yoxdur. “Xəzər-Lənkəran” digərləri ilə müqayisədə peşəkar klubdur.

- Ancaq “Xəzər-Lənkəran” şikayət etdiyi üçün FİFA sizi cəzalandıra bilər?
- Rəhbərliklə danışıqlar aparacağam. Sadəcə, mənə görə normal qiymət qoymaq lazımdır.

- Birdən danışıqlar baş tutmadı, hansı addımı atacaqsınız?
- Bilmirəm.

- Onda müqavilənin bitməsinə gözləməlisiniz. Yəni, yayadək oynaya bilməyəcəksiniz?
- Bəli. Başqa variantım yoxdur.

- “Xəzər-Lənkəran”da məvacibiniz vaxtı-vaxtında ödənilirdi?
- Bəli, heç bir problem olmurdu. Özü də rəhbərlik təkcə mənə yox, bütün futbolçulara qarşı peşəkar münasibət göstərib.

- Futbol oynamasanız, ailənizi necə dolandıracaqsınız?
- Nə bilim? Əsas istəyim odur ki, transferimə münasib qiymət qoyulsun və özümə vətənimdə yeni klub tapım. Hələ ki bununla bağlı rəhbərliklə danışmamışıq. İndi birinci dövrə gedir, komandamın qarşıda oyunları var. Onları narahat etmək istəmirəm. İlk dövrə bitər, onda transfer məsələsini müzakirə edərik. Ümid edirəm ki, həmin vaxt klub rəhbərliyi ilə danışığım zamani ortaq məxrəcə gələcəyik.