İqor Ponomaryov: Özümə yeni iş yeri axtarıram - MÜSAHİBƏ
13.11.2009 - 00:04
İqor Ponomaryov: Özümə yeni iş yeri axtarıram - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun vitse-prezidenti İqor Ponomaryovun apasport.az saytına müsahibəsi

- Azərbaycanı tərk edib İsveçə qayıtmısınız. Bunun əsl səbəbini bilmək olar?
- Hə, İsveçdəyəm və istirahət edirəm. Məzuniyyətə çıxıb ailəmin yanına gəlmişəm. Gələcək fəaliyyətimlə bağlı fikirləşirəm.

- Belə çıxır ki, “Xəzər-Lənkəran” komandasında vitse-prezident postundan ayrılmaq istəyirsiniz...
- Həqiqətən də belə bir niyyətim var. Yenidən məşqçilik fəaliyyəti ilə məşğul olmaq fikrindəyəm.

- Klub funksioneri olmaq sizi qane etmir?
- “Xəzər-Lənkəran”da baş məşqçilikdən vitse-prezident postuna keçəndən sonra hər şeyi etdim, təşkilati məsələləri qurduq. Futbol məktəbini yaratdıq, klubda işləri yoluna qoyduq. Müəyyən şeylərə cavabdeh olan şəxsləri vəzifəyə təyin etdik. Artıq görürəm ki, ofisdə oturmaqdan yoruluram. Bu, məni qane etmir. Mən canlı işlə məşğul olmaq istəyirəm. Buna görə də özümə məşqçi işi axtaracağam.

- Adətən futbol adamlarının işi o qədər çox olur ki, başlarını qaşımağa vaxtları olmur. Siz isə işsizlikdən gileylənirsiniz...
- (gülür). Əslində, iş var. Sadəcə, bundan da canlısını istəyirəm. Yəni məşqçiliyə qayıtmaq fikrindəyəm.

- Lənkəran təmsilçisindən daha tez getməyi düşünmürdünüz? Axı siz funksioner yox, məşqçisiniz...
- Mən elə bu haqda düşünürəm. Buna görə də vitse-prezidentliklə qurtarıb, məşqçi işi axtaracağam.

- Ancaq indi məşqçi üçün komanda tapmaq da çətindir. “Xəzər-Lənkəran”ın baş məşqçi postuna gələnədək xeyli müddət işsiz qalmışdınız...
- Bilirsiniz, açığı “Xəzər-Lənkəran”da indiki vəzifəmdə çalışdığım zaman təkliflər almışdım. Ancaq bu postda olduğumdan onlardan imtina etdim. Harada işləyəcəyimi zaman göstərər.

- Həmin təkliflər haradan idi, İsveçdən, yoxsa başqa ölkələrdən?
- İsveçdən, I dəstədən var idi.

- Həmin variant yenidən gündəmə gələ bilərmi?
- Dediyim kimi, “Xəzər-Lənkəran”da çalışdığımdan bunu qəbul etmədim. Bundan sonrasını isə gələcək göstərəcək. Hələ ki, “Xəzər-Lənkəran”dan rəsmən ayrılmamışam. Ancaq bunu yavaş-yavaş həyata keçirəcəyimi düşünürəm. Birdəfəlik getmək haqda qərar qəbul edəcəyəm. Yəqin ki, bu ilin sonuna kimi gerçəkləşəcək. Artıq 50 yaşın astanasındayam və istədiyim işlə məşğul olmaq niyyətindəyəm. Bilirəm ki, mən məşqçi kimi daha yaxşıyam (gülür). Bu sahədə çalışmaqla daha faydalı olaram.

- Azərbaycanda yenidən məşqçi kimi işləmək istəyərsinizmi?
- Əlbəttə. Azərbaycanda kimsə mənim xidmətimdə maraqlı olsa, buyurub müraciət etsin. Məmnuniyyətlə, Azərbaycanda çalışaram. Niyə də yox? Azərbaycan mənim vətənimdir.

- “Xəzər-Lənkəran”ın baş məşqçisi postundan ayrılandan sonra yerli klublardan təklif almısınız?
- Düzünü desəm, yox. Ancaq dediyim kimi, vətəndə çalışmaq arzusundayam.

- Necə fikirləşirsiniz, məşqçi kimi harada çalışacağınıza nə vaxta aydınlıq gələcək?
- Düzünü desəm, bilmirəm. Məşqçi işi elədir ki, nə vaxt iş tapacağını bilmirsən (gülür).

- İndiki “Xəzər-Lənkəran”la siz çalışdırdığınız “Xəzər-Lənkəran”ı müqayisə edəndə hansı qənaətə gəlirsiniz? Hansı komanda güclüdür?
- Buna münasibət bildirmək istəmirəm. Bununla bağlı müqayisə aparmayacağam. Çünki çempionat hələ qabaqdadır. Mən tərəfdən hansı “Xəzər-Lənkəran”ın daha güclü olduğunu demək düzgün çıxmaz.

- Hər halda, indiki “Xəzər-Lənkəran”ın çempionluq qazanmasını real sayırsınızmı?
- Bilirsiniz, komanda çox xal itirib. Özü də hələ ilk dövrə bitməyib. “Xəzər-Lənkəran” qızıl xallara görə də üst sıralarda deyil. Buna görə də ikinci dövrədə komandanı işlək vəziyyətə gətirib, daha uğurlu çıxış etmək lazımdır. 1-ci yer uğrunda mübarizə aparmaq istənilirsə, bunu etmək gərəkdir.

- Ötən ilin sonunda “Xəzər-Lənkəran”a böyük ümidlərlə gəlsəniz də, heç bir il tamam olmamış istefaya göndərildiniz. Bunu necə qəbul edirsiniz?
- Elə mən də bu klubda çox çalışacağıma ümid edirdim. Fikrimcə, “Xəzər-Lənkəran”da gördüyüm iş yaxşı idi. Mənə çatan heyətlə yaxşı komanda qurmuşdum. Fikrimcə, həmin vaxt futbolçular və rəhbərliklə gördüyümüz iş düzgün idi. O başqa məsələ ki, psixoloji baxımdan gərginlik var idi. Çünki geridə olanda xal itirmək olmaz və bu da təzyiq yaradır. İstənilən xal itkisi bizi ilk yerdən daha uzaq salırdı. Bunu hamımız yaxşı başa düşürdük. Elə bu gərginlik də bizə 1-ci yeri tutmağa imkanı vermədi.

- Baş məşqçi Ağasəlim Mircavadovla münasibətləriniz qaydasındadırmı?
- Mənim onunla ortaq nəyim var ki, bölə bilməyək. O, öz işi, mən də öz işimlə məşğul oluram (gülür). Mircavadovla bölünəsi bir şeyimiz yoxdur. Əlbəttə ki, aramızda heç bir problem də olmayıb.

- “Xəzər-Lənkəran”ın vitse-prezidenti postunu kimə təhvil vermək istəyirsiniz? Kimi xələfiniz görürsünüz?
- Fikrimcə, Tuyqun Nadirov. Biz bir yerdə işləyirdik. O gördüyü işi çox yaxşı bilir. Kifayət qədər gənc, təcrübəli və çalışqan insandır.
0