CAR-a yollanmaq üçün ölüm-dirim mübarizəsi başlayır
13.11.2009 - 10:32
CAR-a yollanmaq üçün ölüm-dirim mübarizəsi başlayır
2010-cu il dünya çempionatının final mərhələsinə yüksəlmək üçün sabah Avropa zonasında pley-off oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, qruplarda 2-ci yeri tutan milli komandalar gələn yay Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək mötəbər yarışa 4 vəsiqə uğrunda mübarizəyə başlayır.

Azərbaycan yığmasının yer aldığı 4-cü qrupdan pley-offa çıxan Rusiya millisi Sloveniya ilə ilk görüşü öz meydanında keçirəcək. Şimal qonşularımız “Lujniki” stadionuna yeni formada çıxacaqlar. Qus Hiddinkin komandasına Sloveniya ilə 4 gün sonra səfərdəki cavab görüşünə üstün durumda yollanmaq üçün münasib hesabla qələbə qazanmaq lazımdır. Ancaq nəzərə alsaq ki, etibarlı müdafiəsi ilə seçilən sloveniyalılar son seçmə mərhələdə cəmi 4 top buraxıblar, bu, şimal qonşularımıza elə də asan olmayacaq.

Bosniya və Herseqovina Portuqaliya ilə qarşılaşmada müəyyən üstünlüyə malik olacaq. Sözsüz ki, bu, rəqibin heyətində Kriştianu Ronaldonun yoxluğu ilə bağlıdır. Dünyanın ən bahalı futbolçusu yığmaya çağırılsa da, xeyli vaxtdır zədəli olduğundan pley-off oyunlarda meydana çıxa bilməyəcək.

Dünya və Avropa çempionu Fransa yığmasının da ciddi itkisi var. Milli komandanın 25 yaşlı lideri Frank Riberi zədəyə görə pley-off oyunlarını kənardan izləməyə məcburdur. Almaniyanın “Bavariya” klubunun hücumameylli yarımmüdafiəçi cari mövsümdə daha çox müalicə olunmaqla məşğuldur. İrlandiyanın 2-ci yeri tutanlar arasında uduzmayan yeganə komanda olması fransızların işini çətinləşdirir.

Yunanıstan və Ukrayna yığmalarının görüşünün gərgin mübarizə şəraitində keçəcəyi şübhə doğurmur. Təsadüfi deyil ki, ən maraqlı cütün bu olduğunu desək, yanılmarıq. Hər halda, bu cütdə qüvvələr nisbəti bərabərdir və aşkar favorit yoxdur. Bu səbəbdən indidən kiminsə şanslarını yüksək qiymətləndirmək olmur.

20:00. Rusiya – Sloveniya
Baş hakim: Klaus Bo Larsen (Danimarka)

22:00. Yunanıstan – Ukrayna
Baş hakim: Laurent Duhamel (Fransa)

00:00. İrlandiya – Fransa
Baş hakim: Felik Briç

00:30. Bosniya və Herseqovina – Portuqaliya
Baş hakim: Martin Atkinson

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
0