“Foqts Avro-2012-yə çıxmaq üçün mübarizə aparmalıdır”
13.11.2009 - 12:50
“Foqts Avro-2012-yə çıxmaq üçün mübarizə aparmalıdır”
“Berti Foqtsu vəzifəsində saxlamaqla, düzgün addım atıblar. AFFA rəhbərliyinin qərarını dəstəkləyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.

Almaniyalı çalışdırıcı ilə daha iki illik müqavilə imzalanmasını təqdirəlayiq hal hesab edən Ponomaryov fikrini belə əsaslandırıb: “Foqts xeyli vaxtdır ölkəmizdə çalışır və bu müddətdə artıq nəsə edib. Birincisi, futbolçuları tanıdı. İkincisi, onların potensialına, bacarığına bələddir, nəyə can atdıqlarını yaxşı bilir. Bütün bunlar isə müsbət cəhətlərdir. AFFA rəhbərliyinin qərarı düzgündür. Çünki baş məşqçini iki ildən bir qovub, yenisini gətirmək çətin məsələdir”.

2002-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızın sükanı arxasında olan Ponomaryovun qarşısında 3 oyuna 7 xal toplamaq vəzifəsi qoyulmuşdu. Ancaq buna nail olmayan olimpiya çempionu cəmi 5 xal yığdı. Maraqlıdır, Ponomaryov almaniyalı həmkarından növbəti seçmə mərhələdə neçə xal gözləyir: “Məncə, növbəti seçmə mərhələdə nə qədər xal yığmağın münasib olduğu yox, böyük uğur qazanmaq haqda düşünmək lazımdır. Yəni, yalnız bir məqsəd olmalıdır – 2012-ci il Avropa çempionatının seçmə mərhələsində 1-ci və 2-ci yer uğrunda mübarizə aparmaq. Niyə ki, bu, real deyil? Niyə başqa yığmalarda bu, realdır, ancaq bizdə yox? Şəxsən belə hesab edirəm ki, bu vəzifəni yerinə yetirmək uğrunda mübarizə aparmaq realdır. AFFA rəhbərliyi bunu Foqtsdan tələb edə bilər. Qalanları isə dəstək verməlidir ki, baş məşqçi buna nail olsun. Yəqin ki, rəhbərliyin Foqtsun qarşısında hansısa tələbləri var. Qalanları isə baş məşqçiyə bunu həyata keçirməyə imkan yaratmalıdır”.

Qeyd edək ki, mili komandamızın 17 illik tarixində seçmə mərhələni əvvəldən sona kimi başa vuran baş məşqçilər yalnız Ponomaryovla Foqts olub. Almaniyalı da 5 xal yığmaqla, azərbaycanlı həmkarlarının, o cümlədən Şahin Diniyevin rekordunu təkrarladı.
0