PFL klubların qarşısına şərt qoydu
13.11.2009 - 13:12
PFL klubların qarşısına şərt qoydu
Peşəkar Futbol Liqası (PFL) Premyer Liqada və I divizionda mübarizə aparan klubların qarşısına şərt qoyub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bundan sonra stadionlarda komandaların və azarkeş qruplarının mənəvi dəyərlərini və milli hissiyyatını təhqir edəcək hər hansısa plakatların açılması və şüarların səsləndirilməsinə qadağa qoyulub.

Məsələ burasındadır ki, Premyer Liqanın X turunda Lənkəranda keçirilmiş "Xəzər-Lənkəran" - "Neftçi" (0:0) matçında xoşagəlməz hadisələr yaşanıb. Qonaq komandanın "Flaqman" fan klubunun üzvləri “Xəzər-Lənkəran”la görüşdə üzərinə qeyri-etik ifadə yazılan plakat açıb.

Bunu nəzərə alan PFL rəhbərliyi klublara müraciət edərək, oxşar halların təkrarlanmamasını tələb edib. Növbəti dəfə bu cür plakatlar açılarsa və ya şüarlar səsləndirilərsə, lazımi tədbirlər görüləcək: “Premyer Liqa və I divizionunda oynayan klublardan onların nəzdində fəaliyyət göstərən fan klubların AFFA-nın və PFL-in bayrağı altında keçirilən yarışlar zamanı stadionlarda rəqib komandanın və onların azarkeş qruplarının mənəvi dəyərlərini və milli hissiyyatını təhqir edəcək hər hansısa plakatların açılmasının və şüarların səsləndirilməsinin qarşısını alınmasını tələb edirik. Belə hallar baş verəcəyi təqdirdə, oyunlara ezam olunan AFFA nümayəndələri matçı dayandıracaq və təhqiredici plakatların stadiondan yığışdırılmasına göstəriş verəcək. Əgər futbol klublarını və ya onların azarkeşlərini təhqir edən plakatlar qarşılaşma zamanı yenidən açılarsa, hadisədə təqsirli bilinən klub növbəti ev oyunlarını azarkeşsiz keçirəcək”.
0