Mənsimov: “Neftçi” fanklubunun etdiyi mədəniyyətsizliklərlə razılaşa bilmirik - MÜSAHİBƏ
13.11.2009 - 13:31
Mənsimov: “Neftçi” fanklubunun etdiyi mədəniyyətsizliklərlə razılaşa bilmirik - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun prezidenti Mais Mənsimovun müsahibəsi

- Komandanın turnir cədvəlindəki mövqeyi və sərgilədiyi oyun klub prezidentini qane edir?
- Komandanın nümayiş etdirdiyi oyundan razıyam. Düzdü, kollektiv müəyyən qədər qeyri-sabit çıxışla da diqqət çəkib. Lakin "Simurq"la görüş, nəticənin üzücü olmasına baxmayaraq, "Qarabağ"la səfər matçında oyun planında xoş görüntülər izlədik. Deyərdim ki, yayda gerçəkləşdirdiyimiz transferlər özünü doğrulda bilib. Baş məşqçimiz qarşısına qoyduğu planları həyata keçirməkdədir. Komandadakı çatışmazlıqları aradan qaldırmaq yönündə görülən işlər nəzərə çarpır. Fikrimcə, maraqlı oyun varsa, nəticə də olacaq. Bizə qarşı rəqiblər xüsusi motivasiya ilə mübarizə aparır. Çox ciddi hazırlaşıb meydana çıxırlar. Bu da sevindirici haldır. Deməli, bizi ölkədə bir marka kimi qəbul edirlər.

- "Böyük oyun" bu dəfə sizdə necə təəssürat oyatdı?
- Əlbəttə, komandamızın hücum xəttinin bir qədər zəif təsir bağışladığını etiraf etməliyəm. Amma komanda şəklində bizimkilər daha yaxşı təsir bağışladı. Ortaya qoyulan oyunun keyfiyyətindən narazı deyiləm. Matç əsl derbi atmosferində keçdi. Azarkeşlər də xoş təsir bağışladı. "Xəzər Lənkəran" 90 dəqiqə ərzində rəqibindən iki dəfə çox hücum təşkil etsə də, hesab açılmadı. Qonaq komandanın qapıçısının çıxışını xüsusi fərqləndirərdim. Düzdü, "Neftçi"nin də hücumları oldu. Ancaq tutaq ki, biz 50 həmlə təşkil etdiksə, onlar matçboyu 5 kəsərli hücum qura bildi. Əsas odu ki, "böyük oyun" baxımlı alındı. Hesabla deyil ki. Bəzən qollu, amma maraqsız görüşlər də olur. Məncə, stadionun tribunalarına toplaşan azarkeşlər hər dəqiqəsi əsl futbol həyəcanı bəxş edən duelə baxdılar.

- Bəzi plakatlar matç başlamamışdan yığışdırıldı. Məsələn, oyunu canlı yayınlamayan Az.TV-yə etiraz əlaməti olaraq, bu televiziyanın adı yazılmış və üstündən qırmızı xətt çəkilmiş bir plakat var idi. Elə "Neftçi" tərəfdarlarını qıcıqlandırmaq üçün hazırlanmış "İlanın ağına da lənət, qarasına da", "Rəngləriniz ağ-qara, siz hara, futbol hara" şüarları da yox oldu. Bu, kimin təşəbbüsü idi?
- Biz hər zaman azarkeşlərimizin matçlarda rəngarəng şüarlarla və fəal iştirakını görmək istəyirik. Geyimlərinin, atributlarının xoş görüntü yaratmasının tərəfdarıyıq. Orda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları olub. Biz heç kimdən plakat alınmasını istəməmişik və istəyə də bilmərik. Təbii ki, xuliqanlığın qarşısının alınması normal haldır. Amma xuliqanlıq qeydə alınarsa. Burda bir məsələ var ki, polis azarkeşlər arasında fərq qoymalı deyil. İkili standart yürüdülməməlidir. Plakatların yığışdırılması asayiş keşikçilərinin işidir. Biz azarkeşlərimizin arxasında dayanmışıq. İstər rəsmi fanklub olsun, istərsə "Bosman", "Fırtına", "12-ci oyunu" və ya başqaları. Hər bir "Xəzər Lənkəran"sevərin də qanun çərçivəsində etdiyi tərəfdarlığa dəstək oluruq. Məsələ araşdırılır. O ki qaldı "Neftçi" fanklubunun etdiyi mədəniyyətsizliklərə, bununla razılaşa bilmirik. Oyun zamanı kimsə şalvarını çıxarıb qarşı tərəfə nəsə göstərirsə, bu ən azı böyük tərbiyəsizlikdir. Yazılan ifadəni də bilirsiniz. Üstəlik, ANS TV-dəki "Topsuz toplu" verilişində çıxıb üzr istəmək əvəzinə, təhqiramiz ifadəyə bəraət qazandırmaq cəhdi də başadüşülən deyil. Mən həmin şəxsə bir sual vermək istəyərdim: "Bu səlahiyyəti sənə kim verib? Klub prezidenti, yoxsa vitse-prezident? Artıq klubumuz AFFA prezidenti Rövnəq Abdullayevə həmin ifadəyə görə ölçü götürülməsi üçün rəsmi məktub ünvanlayıb. İnanırıq ki, nəzərə alınacaq.

- Matçda polis kapitanı azarkeşləri durmadan videokameranın yaddaşına köçürürdü...
- Oyundan dərhal sonra həm DİN-ə, həm də başqa qurumlara məktub ünvanlamışıq. Araşdırmalar davam edir. Bir daha qeyd edirəm, biz öz tərəfdarlarımızın arxasındayıq. Onlar xuliqanlıq törətmədikləri halda, komandalarını istədikləri kimi dəstəkləyə bilərlər.

- Fəxri prezident Mübariz Mənsimov prinsipial görüşə niyə baxmadı?
- Fəxri prezidentin vaxtı məhduddur. O da klubun azarkeşidir. Vaxtı olanda hətta derbi statusu daşımayan oyunlarımızı da izləyir. İmkan düşdükcə çalışır ki, seyr etsin. "İnter"lə oyun da sıradan matç deyildi. Amma baxmağa vaxtı olmamışdı. "Bakı"yla keçirəcəyimiz oyunu tribunadan izləmək istəsə də, görüşün məlum səbəbdən yarımçıq dayandırılması buna imkan vermədi. Hər zaman gəlib matç izləməsinə şad oluruq.

- "Xəzər Lənkəran" azarkeşlərində bir qədər boşalma gözə dəyir. Sanki komandadan soyuyublar. "Böyük oyun"da tribunalarda boş yerlər gözə dəydi.
- Əsl tərəfdar dəstəklədiyi komandanı hər zaman çox istəyir. Bu gün "Xəzər Lənkəran" udanda da, uduzanda da əsl tərəfdarları yanındadır. Tərəfimdən bu məsələnin araşdırılması barədə göstəriş verilib. Bəzi səbəblər ola bilər. Ola bilsin ki, biletlərin qiyməti azarkeşləri qane etmir. Və ya başqa çatışmazlıq mövcuddur. Araşdırılıb, aradan qaldırılacaq. Əlbəttə, ən güclü azarkeş ordusuna sahib klub bizimkidir. Heç kimə deyə bilməz ki, "Xəzər Lənkəran"ın oyunlarına 2 min adam gəlir. Tərəfdarlarımız gündüz saatlarında oynanılan görüşləri belə, işlərini atıb seyr edir. Biz də bunu qiymətləndirməyə bilmərik. Bu da var ki, əsas keyfiyyətdir. Yəni azarkeş sayı lap çox olmaqla deyil. Gərək fəal tərəfdar klubunu lazımınca dəstəkləyəndə, bir başqası "sakit ol, oyuna baxaq" deməsin. Azarkeş təsiredici qüvvədir. O dəstəklədiyi klubun çıxışına "12-ci oyunçu" kimi təsir edə bilirsə, deməli, hər şey istənilən səviyyədədir.

- Yeri gəlmişkən, Kostadin Cambazovun qayıtmayacağı dəqiqləşib?
- O, ailə problemləriylə bağlı 6 günlük icazə almışdı. Təəssüf ki, dediyi vaxtda klubun düşərgəsinə qayıtmadı. Sonradan ona daha bir həftə fikirləşmək üçün vaxt verdik. Artıq müvafiq qurumlara müraciət etmişik. Yadınızdadısa, Xorxe Dias da belə etmişdi. Ancaq layiqli cəzasını aldı. Cambazov artıq qayıtmamaq üçün bəhanələr gətirirdi.

- Devran Ayhan niyə Türkiyəyə yollanıb? Olmaya onun da problemi var?
- Yox, yox. Fasilə yaranıb. Həkimlər də türkiyəli futbolçunun müəyyən istirahətə ehtiyacı olduğunu deyiblər. Devranla bağlı hər şey qaydasındadı.

- Bolqar forvard İvan Tsvetkovun adı Salyandakı kubok matçında iştirak ərizəsinə belə salınmamışdı.
- (gülür) Bu, normal şeydir. Futbolçu məgər hər matçda start heyətində yer almalıdır ki? Yəqin məşqçi istirahət verib. Konkret bildirim ki, bu gün 3 futbolçuyla bağlı problem var. Fatih Sonkayanın niyə komandadan uzaqlaşdığını bilirsiz. Cambazov da məlumdu. Bir də Rəşad Kərimov nizam-intizam qaydalarını pozduğuna görə baş məşqçi tərəfindən əvəzedici komandaya göndərilib.

- Oyunun canlı yayınlanmaması Lənkəranda yaşamayan azarkeşləri çox hiddətləndirib. Yalnız lənkəranlı azarkeşlər yox, həm "Neftçi" tərəfdardarı, həm də neytral futbol həvəskarları bundan razı qala bilməz.
- Çalışacağıq ki, azarkeşlərimizin qarşıdakı oyunları seyr etməsi üçün əlimizdən gələni edək.

- Qış transferləri haqda nə düşünürsüz? Yanvarda ciddi dəyişikliklər olacaq?
- Skautlarımız var. Qışda komandada gücləndirmə işləri görüləcək. İstəyirik ki, Allah qoysa, avrokubok matçlarına qədər hazır heyətimiz olsun. Qitəmiqyaslı yarışlar haqda yanvardan düşünəcəyik. Şübhəsiz, planlar var və həyata keçiriləcək.

Mənbə: “Futbol+” qəzeti
0