FİFA “Neftçi” klubunu 100 min dollar cərimələyib
13.11.2009 - 13:43
FİFA “Neftçi” klubunu 100 min dollar cərimələyib
2008-ci ilin yanvarında böyük ümidlərlə "Neftçi"yə transfer olunan braziliyalı Markus Fereyranın flaqmanla əməkdaşlığı çox çəkmədi. Apasport.az saytının xəbərinə görə, braziliyalıyla bağlanan müqavilə ilyarımlıq olsa da, "Neftçi" rəhbərliyi 6 aydan sonra futbolçunun xidmətindən yararlanmamaq qərarına gəlmişdi.

Bütün bunlara baxmayaraq, hüquqlarının pozulmasına görə FİFA-ya məktub ünvanlayan 27 yaşlı yarımmüdafiəçi bir il futbolsuz qalmışdı. Lakin yaxınlarda ali futbol qurumunun çıxırdığı qərar "Neftçi"nin ziyanına olub. Futbolçunun hüquqlarını kobud şəkildə pozduğuna görə paytaxt təmsilçisi 100 min dollar cərimə ödəməlidi. Lakin cəzalanan tərəf qərarla razılaşmayaraq, FİFA-ya apellyasiya vermək fikrindədi.

Məsələnin necə baş verdiyini öyrənmək məqsədi ilə şikayətçi Fereyranı dinləyək: "Ötən ilin yanvarında "Neftçi"ylə müqavilə bağladım. Lakin 6 aydan sonra lazım olmadığımı bildirərək, məndən imtina etdilər. Mən də buna normal yanaşaraq, transfer vərəqəmin verilməsini istədim. Lakin "Neftçi" rəhbərliyi bunun üçün məndən 30 min dollar tələb etdi. Təbii ki, həmin məbləği ödəyə bilməzdim. Məni heyətdən kənarlaşdırmaq bir yana, hələ pul da istəyirdilər. Bunun üçün FİFA-ya müraciət etdim və 1 il futbolsuz qaldım. Sabiq komandamın həmin məbləği ödəyib-ödəməyəcəyi mənim işim deyil. Onu FİFA aydınlaşdıracaq".

Fereyranın söylədiklərinə flaqman rəhbərliyinin də fikirlərini öyrənməyi vacib saydıq. Vitse-prezident Tahir Süleymanov bu postda yeni olduğunu bildirməklə yanaşı, məsələyə yaxın günlərdə aydınlıq gətirəcəklərini də gizlətmədi: "Bildiyiniz kimi, hazırkı vəzifəmdə cəmi bir aydı çalışıram. Ona görə keçmişdə nələrinsə baş verməsinə görə cavabdehlik daşımıram. Açığı, məsələdən xəbərsiz idim. İndi sizdən eşidirəm. Çünki qısa vaxt ərzində çox sayda oyunların keçirilməsi və klubdakı işləri səhmana salmağımız bizi sənəd işlərindən bir qədər uzaq qoyub. Buna baxmayaraq, ötən il baş vermiş hadisəni həll etməyə çalışacağıq. Belədisə, "Karvan" rəhbərliyindən icazə alıb, futbolçu ilə söhbət edib, başverənlərə aydınlıq gətirəcəm. İstəmərəm ki, hansısa oyunçu "Neftçi"yə qarşı küskün qalsın. Ancaq həmin vəziyyətdə yaxşı olardı ki, Fereyra bir az səbr edərək, məsələni ölkə daxilində həll etməyə çalışsın. Yəqin haqq-ədalət öz yerini tapardı. Həm də braziliyalı indinin özündə də Azərbaycanda top qovur, ölkəmizin çörəyini yeyir. Məsələ ilə ətraflı tanış olandan sonra münasibətimizi bildirəcəyik. Belə şeylər ədalətli şəkildə həllini tapmalıdı. Bundan sonra transfer məsələlərini peşəkar səviyyədə quracağıq ki, sonradan belə problemlərimiz olmasın".

Futbol+
0