Ponomaryovlar: Axtaran tapar!
13.11.2009 - 14:01
Ponomaryovlar: Axtaran tapar!
Azərbaycan yığmasının sabiq futbolçusu Anatoli Ponomaryov özünə yeni klub axtarır. Apasport.az saytının məlumatına görə, bu ilin əvvəlində karyerasını bitirib, qısa müddət futbol funksioneri kimi çalışan 27 yaşlı həmyerlimiz sonradan fikrindən daşındı.

Nəticədə uzun illərdir yaşadığı İsveçdə ikinci divizion təmsilçisi “Vasalunds” klubuna keçən Anatoli növbəti uğursuzluğa düçar oldu. Belə ki, 20 oyuna 29 xal toplayan bu komanda turnir cədvəlində sonuncu 16-cı yeri tutaraq, üçüncü dəstəyə düşdü. “Vasalunds”da icarə əsasında çıxış edən Ponomaryovun məxsus olduğu İsveçin HAİS klubu ilə müqaviləsi bitdiyindən, artıq sərbəst futbolçu olur.

Anatolinin atası İqor Ponomaryov apasport.az saytına açıqlamasında oğlunun hələ ki istirahətə üstünlük verdiyini bildirib: “Tolya hələlik dincəlir. Onların çempionatı artıq başa çatıb. Oğlumun karyerasını harada davam etdirəcəyi hələ bilinmir. Bunu zaman göstərəcək. Ümid edirəm ki, özünə yaxşı klub tapacaq”.

Son bir ildə “Xəzər-Lənkəran”da çalışan İqor Ponomaryov da hazırda İsveçdə istirahət edir. 49 yaşlı olimpiya çempionumuzun bu klubun vitse-prezident postundan gedib, məşqçiliyə qayıtmasını qətiləşdirdiyini nəzərə alsaq, oğlu kimi yeni məkan axtarışındadır. Ata Ponomaryov buna təbəssümlə qarşıladı: “Belə demək olar ki, ata-oğul özlərinə yeni komanda axtarır. Baxaq görək necə olacaq. Hər halda, “Xəzər-Lənkəran”dan hələ getməmişəm. Düzdür, belə niyyətim olsa da, bunun rəsmiləşdirilməsi qalıb. Bir də ki məni “Xəzər-Lənkəran”dan heç kəs çıxartmayıb. Mənsimov qardaşları – həm Mais, həm də Mübariz müəllimlə münasibətlərimiz qaydasındadır. Mübariz Mənsimovla son vaxtlar görüşməmişəm. Bu da İsveçdə məzuniyyətdə olmağımla bağlıdır”.

Qeyd edək ki, Ponomaryovlar bir yerdə 2004-cü ildə Ağdamın “Qarabağ” klubunda çalışıblar.
0