“Yubkalı kişilər”in Bakı səfərinə tarixi baxış - ARAŞDIRMA
13.11.2009 - 14:28
“Yubkalı kişilər”in Bakı səfərinə tarixi baxış - ARAŞDIRMA
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Azərbaycan - Şotlandiya matçı iki ölkə təmsilçiləri arasında 5-ci qarşılaşma olacaq. Apasport.az saytının məlumatına görə, komandalarımız Şotlandiyanın kişi futbolçuları ilə indiyədək 4 dəfə üz-üzə gəliblər. Statistika rəqibin lehinədir. Son 4 ildə isə britaniyalılar komandalarımızı üstələyə bilmir. Bu vaxta qədər şotlandiyalılarla U-17 və U-19 yığmalarım qarşılaşıblar. Qitə miqyaslı klub turnirlərində və əsas milli komandaların üz-üzə gəlmədiyi “duel”lərdə U-21-lər ilk dəfə səhnəyə çıxacaq.

Milli geyimlərinə əsasən “yubkalı kişilər” adlandırılan şotlandiyalılarla ilk matç 7 il öncə Bakıda olub. Həmin vaxt paytaxtımızda U-17-lərin qitə çempionatının seçmə mərhələ oyunları keçirilib. İslam Kərimov rəhbərlik etdiyi kollektiv Şotlandiyaya 1:2 hesabı ilə udusa da, mərhələ adlamışdı.

Bundan iki il yarım sonra britaniyalı yeniyetmələr yığmamıza daha acınacaqlı zərbə vurub. 2004/05 mövsümçündə ilkin seçmə mərhələni arxada qoyan U-17 rəqibə 0:3 hesabı ilə məğlub olub. Bu şotlandların Azərbaycan komandaları üzərində son qələbəsi kimi tarixdə qalıb.

Ardından U-19 yığmamızın uğurlu dönəmi başlayır. 2007-ci il oktyabrın 28-də Moldovada təşkil olunan qitə çempionatının seçmə mərhələsində Arif Əsədovun yetirmələri şotlandların dərsini verir - 2:0. Ötən il oktyabrın 20-də isə analoji yarışda Yaşar Vahabzadənin başçılıq etdiyi U-19 Macarıstandakı görüşdə bərabərliklə (1:1) kifayətlənir. Maraqlıdır ki, bizim üçün uğurlu olan həmin matçların qəhrəmanları sabah da üz-üzə gələcəklər.

Moldovada “yubkalı”ların qapısına 2 qol vuran Bəxtiyar Soltanov bu görüşün 48-ci və 67-ci dəqiqələrində fərqlənmişdi. İndi də U-21-də şotlandları cəzalandırmağa çalışacaq Soltanov yenə Alan Martini məyus etməlidir. Bəxtiyarın 2 il əvvəl məyus etdiyi Alan hazırda Şotlandiya U-21-nin əsas qapıçısıdır. Məşhur “Lids” klubuna məxsus qapıçının U-19-da o vaxtkı əvəzləyicisi Skott Qallaher U-21-də də ikinci qapıçıdır. Hazırda gücünə görə, İngiltərənin III dəstəsində oynayan “Lids” bu qapıçını 4-cü dəstədə çıxış edən “Aklinqton Stenli”yə icarəyə verib.

Moldovadakı qalib heyətdən Şəhriyar Rəhimov, Tural Nərimanov, Emin Cəfərquliyev və qapıçı Elçin Sadıqov da komandamızın heyətindədir. Rəqibdə isə 2 qapıçıdan başqa Ceyson Marr, Pol Henlon və Ceymi Mörfi “könhələr”dən sayılır.

İndi də 1:1 hesabı ilə başa çatan oyun haqqında. Ötənilki “sülh”ün iştirakçılarından Mikayıl Zaytsev, Fərrux Rəhimov, Emin Mustafayev, Emin Cəfərquliyev, Novruz Məmmədov milli komandamızın, Henlon, Liay Qriffits isə qonaqların heyətində növbəti dəfə bir-birinə qarşı mübarizə aparacaqlar. Sözügedən qarşılaşmada fərqlənənlər isə bu dəfə meydanda olmayacaqlar. Qapımıza vurulan qolun müəllifi Aleks Makdonald, həmçinin britaniyalıların o vaxtkı qapıçıları heyətdən kənarda qalıb. Macarıstanda hesabı açan Araz Abdullayev isə Almaniyada toplanışdadır.

U-21-in baş məşqçisi Billi (Uilyam) Stark da tanış simadır. 1:1 hesabı ilə bitən matçda şotlandları məhz o çalışdırırdı. Vaxtilə “Aberdin” və “Seltik”də oynamış Stark Aleks Ferqyussonun kəşfidir. Məhz Ferqyussonun “Aberdin”ə gətirdiyi Billi 3 il onun rəhbərliyi altında oynadıqdan sonra 100 min funt-sterlinqə “Seltik”ə transfer edilmişdi. Onun karyerasında ən böyük uğur UEFA Superkubokudur.

Maraqlıdır ki, 2005-ci ildə 0:3 hesabı ilə uduzduğumuz matçın iştirakçıları arasında da yenidən forma geyinmək şansı qazananlar var. Qonaqlardan Devid Qrey, Kris Mitçel, komandamızdan isə Pərvin Paşayev, Fərid Həşimzadə və Natiq Kərimi sabah oynaya bilərlər.
0