Azarkeşlər “Reyncers”in baş məşqçisini öldürmək istəyirlər
13.11.2009 - 15:24
Azarkeşlər “Reyncers”in baş məşqçisini öldürmək istəyirlər
Çilinin “Reyncers” klubunun baş məşqçisi Oskar del Soların həyatı təhlükə qarşısındadır. Apasport.az saytının məlumatına görə, komandanın azarkeşləri onu ölümlə hədələyiblər. Hər şeydə günahkar isə Oskar del Soların özüdür.

Məsələ burasındadır ki, “Reyncers” Çilinin payız çempionatı - “Klausura”nın son turunda qaydaları kobudcasına pozub. Səfərdə “Kobreloa Kalama” ilə qarşılaşan Talka təmsilçisinin heyətində 6 legioner oynayıb. Halbuki, çempionatın qaydalarına əsasən, oyun zamanı bir klub maksimum 5 əcnəbinin xidmətindən yararlana bilər.

Bu səbəbdən Çili Futbol Assosiasiyası “Reyncers”i sərt cəzalandırıb. Talka komandasının minimal hesabla uduzması azmış kimi, onun hesabından 3 xal silinib və 4 min ABŞ dolları cərimələnib. Hesabından xal silindiyindən, “Reyncers” turnir cədvəlində axırıncı pillələrdən birinə düşüb, nəticədə növbəti çempionatda güclülər dəstəsində oynamaq şansını itirib.

Oskar del Solar “Kobreloa Kalama”ilə görüşdə yol verdiyi səhvi etiraf edib. O, ikinci hissədə dəyişiklik zamanı meydana səhvən əcnəbi futbolçu buraxdığını boynuna alıb. Sevimli komandalarının aşağı diviziona yuvarlanmasından qəzəblənən azarkeşlər Oskar del Soları öldürəcəklərini bildiriblər. Təhdidlərə baxmayaraq, baş məşqçi doğma Talka şəhərini tərk etməyəcəyini söyləyib.
0