Kamal Quliyev oynayacağı komandanın adını açıqladı
13.11.2009 - 16:02
Kamal Quliyev oynayacağı komandanın adını açıqladı
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Kamal Quliyev “Standard” klubuna qayıdır. Bu barədə apasport.az saytına 33 yaşlı futbolçunun özü məlumat verib. Onun sözlərinə görə, Sumqayıt təmsilçisindən təklif alıb.

“Standard”ın yeni baş məşqçisi Böyükağa Hacıyevlə çoxdan tanışıq. O, məni komandasında görmək istəyir və mən də bu təklifi dəyərləndirməyi düşünürəm. Onsuz da hazırda başqa variant yoxdur. Düzdür, “Standard” turnir cədvəlində sonuncu yerdədir. Ancaq futbolsuz qala bilmərəm axı. “Transfer pəncərəsi” bağlı olduğu üçün özümə klub tapmaq üçün qış fasiləsini gözləməliyəm” - deyə Quliyev bildirib.

Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən futbolçulardan olan Kamal 292 dəfə meydana çıxıb və 30 qol vurub. Yarımmüdafiəçi oyun sayında 300-ü haqlamaq üçün gələn ili gözləməlidir.

“Standard”ın güclülər dəstəsində debüt etdiyi mövsümdə (2007/08) Quliyev bu komandanın şərəfini qoruyub. Ölkə kubokunu da nəzərə alsaq, 24 görüşdə forma geyinib və 13 sarı, 3 qırmızı vərəqə alıb. Kamal oynadığı vaxtda Bakı klubu olan “Standard” cari mövsümdən Sumqayıtı təmsil edir. Futbolçu da əslən Sumqayıtdan olduğundan, uzun fasilədən sonra doğma şəhərin komandasında çıxış etmək istəyir. O, 16-17 yaşında Sumqayıtın “Xəzər” klubunda ilk iki çempionatın gümüş medalçısı olub.
0