“Araz”ın elit raundu keçmək şansı 40 faizdir”
13.11.2009 - 16:47
“Araz”ın elit raundu keçmək şansı 40 faizdir”
“Latviya çempionatı başlayandan bütün oyunlarda asan, böyük hesablı qələbələr qazanırıq. Ciddi rəqiblərlə oynamamağımız Bakıda keçiriləcək avrokubok oyunlarında ziyanımıza işləyə bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Latviyanın “Nikars” klubunun baş məşqçisi Aleksandr Dibrivni deyib.

Futzal üzrə UEFA kubokunun elit raundunda Azərbaycanın “Araz”, Qazaxıstanın “Kayrat” və Yunanıstanın “Afina” klubları ilə mübarizə aparacaq latviyalıların çalışdırıcısı Bakıda keçiriləcək oyunlar ərəfəsində qarşılarına qoyulan vəzifələri açıqlayıb: “Güclü komandalarla oynasaydıq, Azərbaycan və Qazaxıstan çempionu ilə başabaş mübarizə aparardıq desəm, bu adam başı aldatmaq olar. Həm “Araz”, həm də “Kayrat”la oyunlarda favorit bizim rəqiblərdir. Onlarla oyunlarda çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək. Yunanıstanın “Afina” klubu isə bizim üçün həlledicidir. Qarşımıza qitənin ən yaxşı 12 klubu sırasına düşmək vəzifəsi qoyulub. Bunun üçün 4 komandanın mübarizə apardığı qrupumuzda sonuncu olmamalıyıq. Yəni təkcə yunanları arxada qoymalıyıq”.

Dibrivnı hələ Bakıya gəlməmiş təşkilatçıların onlara münasibətdən razılığını açıqlayıb: “Bakıya getmək üçün yalnız bir yol var: bu da Moskvadan ora yollanmaqdır. Noyabrın 17-də Latviyanı tərk edib, 18-i gecə Azərbaycana çatacağıq. Onlardan xahiş etmişik ki, vaxtından əvvəl Bakıya yollandığımız üçün bizdən əlavə pul istəməsinlər. Ötən il Çexiyada artıq xərclərimizi də bizdən tələb etdilər. Azərbaycanlılar isə bizə güzəşt etdilər. Biz çərşənbə axşamının gecəsi ora çatıb, istirahət edəcək, rahat məşq keçəcəyik. Yalnız 19-u – cümə axşamı isə “Araz”la oynayacağıq”.

“Nikars”ın baş məşqçisi Azərbaycan futzalının və “Araz”ın səviyyəsindən məmnunluğunu da bildirib: “Azərbaycan futzalı Latviya ilə müqayisədə çox irəli gedib. Onlar çox sürətlə inkişaf edir. Milli komandaları gələn ilin yanvarında Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsinə də vəsiqə qazanıb. Azərbaycanlılar braziliyalıları, sadəcə cənubi amerikalıları deyil, güclü futzalçıları seçib milliləşdirərək yığmaya da cəlb edir. “Araz”da 5-6 belə oyunçu var. Elit raundu ərəfəsində daha ikisini sıralarına qatmaq istəyirdilər. Öz meydanlarında onların qarşısında yalnız bir məqsəd qoyulub: “Dördlər finalı”na çıxmaq. Bu da heç təəccüblü deyil”.

Latviya çempionunun çalışdırıcısı qitə miqyaslı turnirin elit raundu ilə bağlı proqnoz da verib: “İspaniya klubları “El Poso” və “İntervyu”nun finala çıxacağına şübhə etmirəm. Rusiya “VİZ-Sinara”sının da orada olacağını düşünürəm. Bizim qrupda əsas favorit “Kayrat” sayılsa da, “Araz”ın evdə oynamağını qeyd etməliyik. Mən “Kayrat”ın şanslarını 60, “Araz”ınkını 40 faiz dəyərləndirərdim. Komandaların ilk oyunlarına baxmaqla, onların hazırlığına, durumuna əsasən daha konkret danışmaq olar. “Kayrat”ın ötənilki heyətinin bir neçə oyunçusu gedib. Naxçıvanlılar isə əksinə güclənib. Qazaxlar ardıcıl iki dəfə finalda oynadıqları üçün onların mərhələ adlaması qanunauyğunluq olacaq. “Araz” üçün ilkə imza atmaq şansı olduğundan daha istəkli mübarizə aparacaqlar”.
0