Azərbaycan yığması 35 dərəcə istiyə düşdü
13.11.2009 - 17:48
Azərbaycan yığması 35 dərəcə istiyə düşdü
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Ayn şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan yığmasının düşərgəsində hər şey qaydasındadır. Bunu apasport.az saytına açıqlamasında hazırda BƏƏ-də olan AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib. Onun sözlərinə görə, Əl-Ayna dünən günorta saatlarında yetişmiş milli komandamız artıq iki dəfə məşq keçib.

“Futbolçularımız dünən axşamçağı və bu gün səhər məşq ediblər. İraqla oyunadək daha iki məşq nəzərdə tutulub. Yığmada hər şey qaydasındadır, zədəli futbolçu yoxdur” - deyə Nərimanoğlu vurğulayıb.

Departament rəisi turnirə kifayət qədər marağın olduğunu söyləyib. Milli komandamızın dünənki məşqini azarkeşlərlə yanaşı, yerli jurnalistlər də izləyiblər. Yarışın ölkəmizdə teleyayımı ilə bağlı danışıqlar getdiyini bildirən Nərimanoğlu Əl-Aynda hava şəraitinin çox isti olduğunu da nəzərə çatdırıb: “Burada təxminən 35 dərəcə isti var. Ancaq belə isti hava şəraiti futbolçularımıza maneçilik törətmir. Çünki Əl-Aynda belə hava şəraiti ilə üzləşəcəyimizi öncədən bilirdik”.

Qeyd edək ki, Berti Foqtsun rəhbərlik etdiyi komandamız noyabrın 15-də Bakı vaxtı ilə saat 16:45-də İraqla qüvvəsini sınayacaq.
0