Rəşad Kərimov: Mən Mircavadovdan belə bir açıqlama gözləməzdim - MÜSAHİBƏ
14.11.2009 - 00:01
Rəşad Kərimov: Mən Mircavadovdan belə bir açıqlama gözləməzdim - MÜSAHİBƏ
“Xəzər-Lənkəran”ın əsas komandasından çıxarılan futbolçu Rəşad Kərimovun apasport.az saytına müsahibəsi

- Artıq əvəzedici heyətə göndərilmisiniz. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik...
- Burada heç bir problem yoxdur. Əvəzedici komandaya müvəqqəti göndərilmişəm. Qısa bir zamanda hər şey öz qaydasına düşəcək.

- Yenidən əsas komandaya qayıda biləcəksiniz?
- İnşallah, qayıdaram. Hər şey düzələcək.

- Amma baş məşqçiniz başqa fikirdədir. Daha xidmətinizdə maraqlı olmayan Ağasəlim Mircavadov deyib ki, Rəşad bir müddət əvəzedici komandada hazırlıq keçəndən sonra başqa kluba icarəyə veriləcək...
- Açığı, mənə elə söz deyilməyib. Yəqin ki, nəsə bir şey olsa, Mircavadov özü mənə deyər.

- Əvəzedici komandada məşqə çıxmısınız?
- Yox. Çünki komanda hələ məşq etmir, hamını istirahətə buraxıblar.

- Rəhbərlik haqqınızda çıxardığı qərarı intizamsızlıqla əsaslandırıb...
- Allaha and olsun ki, intizamsızlıq, yaxud başqa bir şey etməmişəm. Elə bir şey olmayıb ki, kiminləsə dalaşım, yaxud cavab qaytarım. Sadəcə, anlaşılmazlıq olub. Mənə elə gəlir ki, bu, qısa bir müddətdə düzələcək.

- Bəs həmin anlaşılmazlıq nədən ibarətdir?
- Əgər özləri bu barədə heç nə deməyiblərsə, mənim danışmağım düzgün çıxmaz.

- Deyilənə görə, Mircavadovla mübahisə etmisiniz...
- Doğru deyil. Aramızda heç bir mübahisə-zad olmayıb.

- Perspektivli futbolçulardan sayılırdınız. “Xəzər-Lənkəran”ın böyük uğurlar qazanan heyətində olmusunuz. Elə Mircavadov da deyib ki, sizi bu yay futbol oynamağa dəvət etsə da, alınmır...
- Elə deyir?

- Məşqçiniz hətta bildirib ki, rəqabət böyük olduğundan buna dözə bilmirsiniz...
- Bunlar boş sözlərdir. Baş məşqçi hansısa futbolçunu oynatmırsa, nəsə deməlidir də. Komandada bütün rəqabətə hazıram. Belə şeylərə inanmıram. Mənə Mircavadovun dedikləri qəribə gəldi. Açığı, ondan elə bir açıqlama gözləməzdim. Ağlıma gəlməzdi ki, doğrudan da belə bir açıqlama versin.

- Belə çıxır ki, “Xəzər-Lənkəran”da özünüzü digər futbolçulardan zəif saymırsınız?
- Əlbəttə ki. Niyə görə özümü zəif saymalıyam ki? Kor-kor, gör-gör. Hamı göz qabağındadır da.

- Elədirsə, niyə sizə şans verilmir?
- Deyə bilmərəm. Bu, baş məşqçinin işidir.

- Mircavadovdan niyə sizə şans vermədiyini soruşmusunuz?
- Yox. Ona bir dəfə yaxınlaşıb deməmişəm ki, məni niyə oynatmırsınız. Halbuki buna haqqım var. Üç il yarım “Xəzər-Lənkəran”da oynamışam. Bura mənim üçün doğma komanda olub. “Karvan”da oynayıb formaya düşdüm və geri qayıtdım. Sağ olsun, prezidentimiz Mais Mənsimov, klub rəhbərliyi, məni qəbul etdi. Açığı, “Xəzər-Lənkəran”da oynamamağımın səbəbini mən də bilmirəm.

- Ancaq nəzərə alaq ki, “Xəzər-Lənkəran”da əvvəllər də Mircavadovun rəhbərliyi altında oynamısınız. O, həmin vaxt da sizə az şans verirdi.
- Bunlar zədəli vaxtlarıma düşdü. Dubaya təlim-məşq toplanışına getdik və çempionluq qazandığımız mövsümün çox hissəsində zədəli oldum. Həmin vaxt müalicə olunurdum. Mövsümün son görüşlərində oynadım, ölkə kubokunun finalında sonradan meydana çıxdım, qələbə topunu vurdum. Heç vaxt Ağasəlim müəllimlə problemim olmayıb.

- Əsas komandaya qayıdacağına inanırsan?
- Bəli. Buna ümidim qalıb.

- Ancaq ortada olan anlaşılmazlığı demədiniz...
- (gülür) Özləri deyərlərsə, mən də deyərəm.

- Birdən desələr ki, özünə yeni komanda tap, səni icarəyə veririk. Onda necə olacaq?
- Allah canlarını sağ eləsin. Deyərlər, özümüzə komanda axtararıq. Əgər rəhbərlik istəməsə, onda əlbəttə ki, çıxıb gedəcəyəm. Məni “Xəzər-Lənkəran”a özləri götürüblər, özləri də nə vaxt istəsə, çıxara bilərlər.

- Əvəzedici komandaya göndərilməyinizi sizə konkret kim deyib? Klub rəhbərliyi, yoxsa Mircavadov?
- Komandamızın rəisi məni bu haqda məlumatlandırdı. Mircavadovun özü mənimlə görüşməyib. Ancaq bu söhbətdən sonra onunla görüşməyə çalışacağam.

- Bəlkə Mircavadovla şəxsi probleminiz var və buna görə sizi oynatmır?
- Heç vaxt onunla problemim olmayıb. Elə onun da mənimlə. Yəni bu, ikimizə də aiddir. Əgər Mircavadov müsahibəsində haqqımda belə söz deyibsə, mən bunu aydınlaşdıracağam. Doğrudan da belə bir söhbət varsa, mən də başımın çarəsini qılım.

- Mircavadov komandanızda olan bir sıra gənc futbolçulara şans versə də, sizi ehtiyatda saxlayır. Niyə belə etsin ki?
- Az nədir, mən heç oynamamışam. İlk dövrə qurtarır, ancaq hələ cari çempionatda iştirak etməmişəm. Mircavadov baş məşqçidir, hazırlıq prosesində necə çalışmağımızı görür. Futbolçuya qiymət vermək üçün onu oynatmaq lazımdır. Şans verilsin, əgər bundan istidə etməsən, ondan sonra qərar qəbul edilsin. Desin ki, şans verdim, ancaq bunu dəyərləndirə bilmədin. Futbolçu daim ehtiyatda qalırsa, o, özünü necə göstərsin?
0