PFL hansı klubun rəhbərinə sataşır?
13.11.2009 - 18:20
PFL hansı klubun rəhbərinə sataşır?
Azərbaycan klubları arasında ölkə çempionatının əsasnaməsini bilməyənlər var. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqası (PFL) klubların, onların rəhbərliyində yer alan bəzi funksionerlərin əsasnaməni oxumamağından narahatdır.

Elə bu səbəbdən də qurumun rəsmi internet saytında həmin sənəddən çıxarış yerləşdirilib. Orada rəsmilərin unutduğu və ya xəbərsiz olduğu maddələr xatırladılıb ki, onlar yerli-yersiz iradlarına son qoysunlar.

Həmin çıxarışı olduğu kimi diqqətinizə çatdırırıq: “Unibank Premyer Liqasının nizam-intizam qaydalarına əsasən futbol meydanına və qaçış zolağına kənar əşyaların atılmasına görə klub - meydan sahibi 2000 manat cərimələnir. Bu cür intizamsızlıq ev sahibi və ya qonaq komandanın azarkeşləri tərəfindən baş verdiyi halda məhz ev sahibi klub stadionda təhlükəsizlik tədbirlərini yetərincə təmin etmədiyi üçün cəzalandırılır (bax maddə 3).

Əgər oyunçu yarış iştirakçılarından birinə tüpürərsə, o zaman həmin oyunçu 6 oyunluq kənarlaşdırılır və klub 5000 manat cərimə olunur (bax maddə 44). Əgər oyunçu dava-dalaşda iştirak edərsə, 6 oyunluq kənarlaşdırılır və klub 3000 manat məbləğində cərimə olunur. Dalaşmanın səbəbkarı məlum olmazsa, bu zaman komandanın kapitanı və klub cəzalandırılır. Cəzalandırılan şəxs günahkar şəxsi aşkar edərsə, o zaman özünə bəraət qazandıra bilər (bax maddə 45).

PFL-in və AFFA-nın nizam-intizam qaydalarını bilməyən klub rəhbərlərinin özlərinin, həmçinin rəhbərlik etdikləri klubun hər bir futbolçusunun nizam-intizam qaydaları ilə öncədən yaxından tanış olmasını tövsiyə edirik. İntizamsızlığa görə təyin olunmuş cərimə və cəzalar hazırlanarkən bu sahədə daha çox təcrübəsi olan Avropa və Beynəlxalq futbol qurumlarının praktikasından bəhrələnilib.

İntizam Komitəsinin çıxardığı qərarlar məhz PFL-in və AFFA-nın Nizam-İntizam qaydalarına əsasən çıxardılır. Ona görə də nizam-intizam qaydaları ilə əvvəlcədən tanış olun ki, sonra narazılıq yaranmasın.
0