Yaşar Abuzərov: İndi “Olimpik-Şüvəlan” çox zəifdir - MÜSAHİBƏ
14.11.2009 - 00:39
Yaşar Abuzərov: İndi “Olimpik-Şüvəlan” çox zəifdir - MÜSAHİBƏ
Ötən illə müqayisədə “Qəbələ” cari mövsümdə daha inamlı təsir bağışlayır. Hazırda turnir cədvəlinin 4-cü pilləsində məskunlaşan Ramiz Məmmədovun yetirmələri “6-lıq”a düşmək niyyətindədir. Hələlik işləri də pis getmir. Amma Qəbələ təmsilçisi Premyer Liqadan fərqli olaraq, ölkə kuboku uğrunda mübarizəni erkən dayandırıb. Belə ki, 1/8 final mərhələsi çərçivəsində “Olimpik-Şüvəlan”la qarşılaşan əyalət təmsilçisi cavab matçında minimal hesabla qələbə qazansa da, ilk dueldə 2 top fərqi ilə yenilib. Nəticədə “Qəbələ” 1/4 finala yüksələ bilməyib. Həm cavab oyunu, həm də komandanın düşərgəsindəki vəziyyət barədə məlumat almaq üçün klubun yarımmüdafiəçisi Yaşar Abuzərovla söhbətləşdik.

- “Olimpik-Şüvəlan”la oyun barədə nə deyə bilərsən?
- Biz daha yaxşı oynadıq. Oyun demək olar ki, “Olimpik-Şüvəlan”ın qapısı qarşısında gedirdi. Qol vurmaq üçün imkanlarımız da çox oldu. Ancaq istifadə edə bilmədik. Yəni “vuran ayaq” yox idi. Həm də hər oyunda məhsuldarlıq nümayiş etdirmək də mümkün deyil. Səfərdə 0:2 hesabı ilə uduzmağımız pis oldu. “Şəfa”da keçirilən matçda heç olmasa bir top vurmalı idik. Nə isə...

- Yəqin ki, buna təəssüflənirsiniz...
- Əlbəttə, buna təəssüflənirik. Amma “Qəbələ” “Olimpik-Şüvəlan”dan çox güclü idi. Meydana məğlubiyyətin əvəzini çıxmaq və 1/4 finala yüksəlmək məqsədi ilə çıxmışdıq. Təəssüf ki, bunun öhdəsindən gələ bilmədik.

- Oyunun sənin üçün hansısa prinsipiallığı var idimi?
- Ümumiyyətlə, bütün oyunlara final görüşü kimi yanaşırıq. Xususilə də “Olimpik-Şüvəlan”la matça istək və məsuliyyətlə çıxmışdım. Görünür, qismət deyilmiş 1/4 finala yüksəlmək. Şəxsən mənim üçün isə prinsipial deyildi. Çox da ki, “Olimpik-Şüvəlan” keçmiş klubum olub.

- Kubokda mübarizəni dayandırsanız da, Unibank Premyer Liqasında işiniz pis getmir. 10 oyunda 17 xal qazanmağınızı uğur kimi qəbul etmək olarmı?
- Məncə, hə. Hələ ki, çıxışımız istədiyimiz kimi alınır. “Qəbələ” yüksəlişdədir. Bu templə də davam etdirməyə çalışacağıq.

- Bəs “Bakı” ilə son tur çərçivəsində evdə keçirilən oyundakı məğlubiyyətin səbəbini necə izah edə bilərsən?
- “Bakı” həqiqətən də həmin gün güclü oynayırdı. Onları belə istəkli görməmişdik. Görüşün birinci hissəsində lap yaxşı oynadılar. Fasilədən sonra meydanda bərabər səviyyəli mübarizə getsə də, artıq gec idi. Ola bilsin, bizdə də müəyyən arxayınçılıq yaranmışdı. Çünki rəqibin qeyri-sabit çıxışına aldandıq. Fikirləşdik ki, asan qələbə qazanacağıq. Ancaq həmin gün meydanda tam fərqli “Bakı” var idi. Bu paytaxt klubunun arxada qalan dövrdə keçirdiyi ən yaxşı oyun oldu.

- Növbəti turda “Standard”la qarşılaşacaqsınız. Oyunun hazırlığına başlamısınız?
- Kubok oyunundan sonra komandaya 2 günlük istirahət verilib. Noyabrın 14-də Qəbələdə bir yerə toplaşıb hazırlığa başlayacağıq. “Standard” turnir cədvəlinin son pilləsində qərarlaşsa da, zəif komanda deyil. Rəqibə hörmətlə yanaşmalıyıq və birinci dövrəni “6-lıq”da başa vurmaq üçün bu görüşdə qələbə qazanmalıyıq.

- Oyunları süni meydançada keçirməyiniz çətinlik yaratmır?
- Əlbəttə, süni meydança daha ağırdır. Zədələnmək ehtimalı da artır. Bu da müəyyən problem yaradır. Düzdür, hər komanda süni örtüklü meydançada oynaya bilmir. Şükürlər olsun ki, bizim oyunumuz alınır.

- Necə düşünürsən, əksər mütəxəssislərin “6-lıq”a düşəcəyinə inanmadığı “Qəbələ” bunun öhdəsindən gələ biləcək?
- Əslində, bu cür fikirləşmələri yaxşıdır. Onlar bu cür açıqlama verməklə rəqiblərimizdə arxayınçılıq yaradırlar. Amma biz “6-lıq”a düşəcəyik. Güclü komandamız var. “Qəbələ” heç vaxt ötən mövsümün ikinci dövrəsindəki və indiki qədər güclü olmayıb. Təbii ki, bu uğurda komandaya mövsümlərarası fasilədə transfer olunan legionerlərin də əməyi var.

- Səncə, “6-lıq” uğrunda mübarizədə əsas rəqibləriniz hansı komandalardır?
- “İnter”, “Xəzər-Lənkəran”, “Neftçi”, eləcə də, baxmayaraq ki, “Bakı” hazırda turnir cədvəlinin ortalarında qərarlaşıb, onlar da “6-lıq”a düşəcəklər. Hələ qarşıda ikinci dövrə var. Çətin olacaq. Biz ikinci dövrədə əksər oyunlarımızı səfərdə keçirəcəyik. Bunu mənfi amil kimi səciyyələndirmək olar. Lakin oynayan komanda üçün meydan amilinin fərqi olmamalıdır. Məsələn, səfərdə də az xal qazanmamışıq. İnşallah, fasilədən sonra da uğurlu çıxışımızı davam etdirərik.

- Birinci dövrənin başa çatmasına bir tur qalıb. “Qəbələ”nin hansı oyunda itirdiyi xallara görə təəssüflənirsən?
- “İnter”lə oyundakı məğlubiyyətə görə. Düzdür, Yevlaxda da yaxşı oynamadıq. Bu matç “Qəbələ”nin birinci dövrədə keçirdiyi ən zəif oyun idi. Mən “İnter”lə oyunda itirilən xallara görə daha çox təəssüflənirəm. “İnter”ə uduzmamalıydıq. Hesabda irəli olduğumuz məqamda 1 dəqiqə ərzində qapımızdan 2 top buraxdıq. Halbuki biz güclü oynayırdıq.

- Klubdaxili ab-hava necədir?
- Hər şey yaxşıdır. Rəhbərlik komanda üçün hər cür şərait yaradıb. Mehriban kollektivimiz var. İnşallah, axıra qədər belə davam edər.

- Adətən bu cür komandalarda fasilədən sonra böhran olur. Bundan qorxmursan?
- “Qəbələ”də bunun baş verəcəyinə inanmıram. Rəhbərlik komandanın qarşısına “6-lıq”a düşmək vəzifəsi qoyub. Heyətdə xarakterli futbolçular toplaşıb. Onlar uduzmağı sevmirlər.

- Heyətdə əcnəbi futbolçuların çoxluq təşkil etməsi problem yaratmır?
- Xeyr, bu sahədə heç bir problem yoxdur. Kim güclüdür, o da oynayır. Baş məşqçi üçün yerli və ya əcnəbi futbolçunun fərqi yoxdur. Ona hazır oyunçu lazımdır.

- Öz oyunun barədə nə deyə bilərsən?
- Öz oyunum haqqında danışmağı xoşlamıram. Kənardan qiymət versələr, daha yaxşı olar. Məncə, komandaya xeyir verirəm. İstər “ilk 11-lik”də, istərsə də, meydana sonradan daxil olmağımdan asılı olmayaraq, sona qədər mübarizə aparıram.

- Daim əsas heyətdə yer almamağının səbəbi nədir?
- Bu suala baş məşqçi cavab verə bilər. Ola bilsin, bu dəyişikliklər taktiki gedişlə bağlıdır. Kimsə onun işinə qarışa bilməz. Mən həmişə oynamağa hazıram. Baş məşqçi hamıya oynamaq şansı verir. Təbii ki, meydana çıxan futbolçu da bu şansdan maksimum istifadə etməyə çalışır. Bəlkə də hansısa oyunda zəif oynamışam, buna görə daim əsas heyətdə yer almıram.

- Qışda müqavilən başa çatır. Başqa kluba keçməyi düşünürsənmi?
- Qalmaq istəyirəm. Amma bunun üçün klubun da razılığı, mənim xidmətimdə maraqlı olması lazımdır. Hələlik bu barədə heç nə məlum deyil. Vaxtı çatanda hər şeyə aydınlıq gətiriləcək. Planımda başqa komandaya keçmək yoxdur.

- Sabiq komandalarından “Bakı” və “Olimpik-Şüvəlan”ın zəif çıxışı barədə nə deyə bilərsən?
- Hər iki komanda rəqibimiz olduğundan oyunları barədə məlumat toplamağa, imkan olduqda ya televiziya vasitəsilə, ya da stadionda izləməyə çalışıram. Fikrimcə, “Olimpik-Şüvəlan” indi çox zəifdir. Bu komanda gümüş medal qazanan il güclü idi.

“Futbol dünyası” qəzeti
0