“Xəzər-Lənkəran”dan qovulan futbolçu: Əgər düşmən kimi ayrılsam...
14.11.2009 - 12:20
“Xəzər-Lənkəran”dan qovulan futbolçu: Əgər düşmən kimi ayrılsam...
“Mən həmişə Minsk “Dinamo”sunda oynamağı arzulamışam. Bu arzum çin çıxanda, başqa komanda haqda düşünmürdüm. Ancaq “Dinamo”nu vaxtilə “Xəzər-Lənkəran”a dəyişməyimin səbəbi vardı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun sabiq futbolçusu Sergey Pavlyukoviç deyib.

2007-ci ilin qışında ölkəmizə gələn belaruslu müdafiəçi “Xəzər-Lənkəran”ın heyətində möhkəmlənə bilmədi. Onun sözlərinə görə, uzun illər şərəfini qoruduğu Minsk “Dinamo”sunu məcburiyyətdən tərk edərək, Azərbaycanda oynamağa razılıq verib: “Onda klub rəhbərliyi ilə ortaq məxrəcə gələ bilmədik. Əgər düşmən kimi ayrılsaydıq, məgər məni geri çağırardılar?”

“Xəzər-Lənkəran”da cəmi yarım il oynayan Pavlyukoviç 2007-ci ilin yayında vətəninə qayıtdı. Baş məşqçi Ağasəlim Mircavadov həmin vaxt 33 yaşı olan, cəmi 5 oyun keçirən legioneri komandadan çıxartmağı lazım bildi. Ancaq bununla belə, Sergey ölkəmizi titulla tərk etdi.

Belə ki, belaruslu həmin mövsüm “qızıl dubl” edən, yəni Azərbaycan çempionluğunu və Azərbaycan kubokunu qazanan “Xəzər-Lənkəran”ın sırasında oldu. İndi 35 yaşı olan Pavlyukoviç kapitanı olduğu Minsk “Dinamo”sunda gedərək, ümumiyyətlə, futbolçu karyerasını bitirmək fikrindədir: “Neçə ildən sonra futbolla qurtarmaq məndə ziddiyyətli hisslər oyadır. Oynamaq hissi məndə hələ ölməyib. Ürəyimdə meydanda çıxmaq istəyi var. Ancaq açığı, taleyimin necə olacağını, bundan sonra oynayıb-oynamayacağını deyə bilmirəm. “Dinamo”nun heyətində noyabrın 8-də sonuncu dəfə meydana çıxdım. Ola bilsin ki, istirahət edim və yaşıl meydana qayıtmaq istəməyim”.

Qeyd edək ki, “Xəzər-Lənkəran”dan “Dinamo”ya qayıdan Pavlyukoviç karyerasında ən çox bu komandada görüş keçirib – 124 oyun, 7 qol.
0