“Birlik Kuboku” “Bakı”ya lazımdırmı?
14.11.2009 - 12:49
“Birlik Kuboku” “Bakı”ya lazımdırmı?
Ənənəvi "Birlik kuboku" turnirinin başlamasına hələ çox qalsa da, yarışın necə keçəcəyini artıq indidən proqnozlaşdırmaq mümkündü. Onsuz da son vaxtlar postsovet məkanının aparıcı futbol ölkələrinin sözügedən turnirə ciddi önəm verməməsindən xəbərdarıq. Yəni əvvəllər Kiyev "Dinamo"su, "Şaxtyor", Moskva "Lokomotiv" və "Spartak"ı kimi klublar keçmiş qardaşların mübarizə səhnəsinə çevrilən turnirdə "at oynadırdı". Başqalarına göz açmağa imkan vermirdilər. Zaman ötdükcə vəziyyət dəyişdi. Ukrayna və Rusiya klublarının ardından bir balaca özünə gələn digər MDB ölkələri təmsilçiləri də yarışa əsas heyətlə qatılmağı lazım bilmədi. İldən-ilə nüfuzunu itirməkdə olan "Birlik kuboku" bu dəfə daha keyfiyyətsiz təsir bağışlayacaq. Çünki Moldova çempionu "Şerif", Özbəkistan çempionatının qızıl medallarını qazanmış "Bunyodkor" və Belarus BATE-si Rusiyaya yollanmaqdan imtina edib.

"Birlik kuboku" kimə lazımdı?

Yarışın baş mükafatına sahib çıxmaq biz azərbaycanlılara da nəsib oldu. Ağasəlim Mircavadov öncə "Neftçi", ardından isə "Xəzər Lənkəran"la adıçəkilən mükafatı Azərbaycana gətirib. Ölkənin ən titullu çalışdırıcısının uğurlarına kölgə salmaq niyyətimiz yoxdu. Sadəcə, ədalət naminə qeyd edək ki, həmin vaxt postsovet nəhəngləri turnirə ikinci heyətini göndərmişdi. Qazanılan kuboklardan sonra da "Xəzər Lənkəran"la "Neftçi"nin sonrakı çıxışında xüsusi inkişaf nəzərə çarpmamışdı. Futbol ictimaiyyətinin əksəri və bəzi mətbuat orqanları ötən il "İnter"in bu turnirə əsas heyətlə qatılmalı olmadığını düşünsə də, "bankirlər" heç nəyə məhəl qoymadan var gücünü toplayıb, şimal sərhədini keçmişdi. Amma Valentin Xodukin istəyinə çata bilmədən geri dönmüşdü. Başqa sözlə, "ağ-göylər" önəmli olmayan matçlarda əlavə güc sərf edərək, Asiya klublarının belə öhdəsindən gələ bilməyərək, Qazaxıstan təmsilçisinə uduzmuşdu. İndi də "Bakı" bəxtini sınamalıdı. Sual yaranır: bizə "Birlik kuboku" lazımdı? Zəif turnirin başaldadan baş mükafatını qazanmaq kimə nə verəcək? Özbəkistan, Moldova və Belarus təmsilçilərinin yuxarıdan aşağı baxdığı cılız mübarizəyə niyə əsl döyüş meydanı kimi nəzər salmalıyıq? Əlbəttə, "Şerif" və BATE hazırda Avroliqada çıxış edir. Bu kollektivlərin yarışdan imtina etməsi istənilən halda, başadüşüləndi. Amma Özbəkistan komandası artıq Asiya Çempionlar Liqasında mübarizəni dayandırıb. Belə çıxır ki, Orta Asiya ölkəsindən olan kollektiv heyətindəki qoca Rivaldonun gülünc turnirə ayaq basmasına lüzum görmür. Burda başa düşülməyən heç nə yoxdu. Ağıllı klub mənasız turnirə önəm verə bilməz.

Bülənt Korkmaz düşünməlidi

Qyoko Hacievskinin istefasından sonra "zolaqlılar"ın baş məşqçisi postuna gətirilən türkiyəli çalışdırıcı "Birlik kuboku" haqda dolğun bilgiyə sahib ola bilməz. Yəqin Korkmaz yalnız haqqında danışdığımız turnir barədə başqalarından eşitdiklərinin köməyi ilə müəyyən təsəvvürlərə malikdi. Bununla belə, mütəxəssis "zolaqlılar"ı Rusiyaya yalnız bir məqsədlə aparmalıdı: heyəti formalaşdırmaq və yeniləri sınamaq. Başqa hədəf nə ola bilər? Şübhəsiz, son çempionun yarışdan imtina etməsi də futbolumuza nəsə qazandırmayacaq. Ümumiyyətlə, "Bakı"nın əvəzedici və əsasən start "11-liy"ə düşə bilməyən futbolçularından qurulmuş komandayla "solğun səhnəyə" çıxması daha məqsədyönlüdü. Bu da var ki, komanda fasilə dönəmində tam heyətlə hazırlıq keçməlidi. Belədə kollektivin iki yerə parçalanması zolaqlı düşərgənin xeyrinə deyil. Hər halda, paytaxt təmsilçisinin baş məşqçisi peşəkar addım atmaqla, önəmini itirmiş turnirə görə öz planlarını pozmamalıdı. Əvəzedici komandanın təcrübə qazanmaq üçün ölkəmizi təmsil etmək funksiyasını üzərinə götürməsi isə ən əlverişli seçim olar. Gənc futbolçular təcrübəli rəqiblərə qarşı forma geyib, əsas komanda üçün faydalı oyunçuya çevrilə bilər. Rusiyadakı matçlar zamanı hansısa azərbaycanlı gəncin özünü yaxşı tərəfdən göstərib diqqət cəlb etməsi, kubokun 3-cü dəfə Azərbaycana gətirilməsindən vacibdi.

Vitse-prezident nə fikirdədi?

"Zolaqlılar"ın rəhbərliyinin çalışdırıcıdan nə istəməsi də vacib məqamlardandı. Məlumdu ki, Korkmaz məhz "Bakı"nın başqanının istədiyi hədəfə doğru irəliləyir. Klubun vitse-prezidenti Zeynal Məmmədovla əlaqə saxlayıb, qabartdığımız məsələ ilə bağlı mövqeyini öyrəndik: "Bakı" "Birlik kuboku"nda Azərbaycanı təmsil edəcək. Böyük ehtimalla, ora əsas heyəti göndərəcəyik. Çünki ölkənin adından oynayacağıq. Turnirə başqa ölkələrdən kimin gəlib-gəlməyəcəyi bizi maraqlandırmır. İmtina ediblərsə, öz işləridi. Əvəzedici heyəti Rusiyaya göndərmək fikrində deyilik".

Gördüyünüz kimi, Zeynal bəy turnirə böyük önəm verdiklərini gizlətmir. İstənilən halda, bu gün çempionatımızı keçmiş ittifaq ölkələri arasında Rusiya və Ukraynadan sonra 3-cü yerdə görürüksə, "Şerif"lə BATE-nin hazırkı durumu da bizləri düşündürməyə məcbur edir. Kimlərinsə yola verdiyi və barmaqarası baxdığı mənasız turnirin qalibi olmağı hədəfə almaq, özünü aldatmaqdan başqa bir şey deyil. Burdan Rusiyaya gedib, Tacikistan və Qırğızıstan təmsilçilərini qabaqlamaqla nə özümüzə, nə də başqalarına heç nəyi sübut edə bilmərik.

Mənbə: “Futbol+” qəzeti
0