Yeni Zelandiya yığması 27 ildən sonra arzusuna qovuşdu
14.11.2009 - 13:12
Yeni Zelandiya yığması 27 ildən sonra arzusuna qovuşdu
2010-cu ilin yayında Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yeni Zelandiya milli komandası 27 illik fasilədən sonra belə mötəbər yarışda oynamaq hüququ qazanıb.

Okeaniyanın ən güclüsü milli komandamızın ötən il yoldaşlıq görüşündə məğlub etdiyi (2:1) Bəhreyn yığmasına pley-offda qalib gəlib. Yeni Zelandiya bu gün evdə keçirilən cavab görüşündə rəqibini 1:0 hesabı ilə yenib. Bəhreyndə keçirilən ilk oyun qolsuz heç-heçə ilə nəticələnmişdi. Asiyalılar oyunun 52-ci dəqiqəsində hesabda 0:1 geridə olarkən penalti zərbəsini dəqiq vurmamaqla, real şansı əldən verib.

Yeni Zelandiya indiyədək yalnız bir dəfə - 1982-ci ildə dünya çempionatında çıxış edib. İspaniyada keçirilən həmin final mərhələsində Braziliya, SSRİ və Şotlandiyaya uduzan Zelandiya xal toplaya bilməyərək, qrupda son yeri tutub (topların fərqi 2-12). Bundan sonra həmin yığma dünya çempionatının heç pley-off mərhələsinə də çıxa bilməmişdi. Avstraliya yığması Okeaniyadan Asiyaya keçəndən sonra Yeni Zelandiyanın mundiala yolu açıldı.
0