Azərbaycan futbolu rekordçusunu itirdi
14.11.2009 - 14:00
Azərbaycan futbolu rekordçusunu itirdi
Azərbaycan futbolu rekordçu legionerini itirdi. Apasport.az saytının hesablamalarına görə, milli komandamızın da üzvü olan braziliyalı hücumçu Leandro Qomeş Azərbaycanda çıxışını rekordçu kimi başa vurdu.

Qomeş hazırda ölkəmizdə çıxış edən legionerlər arasında ən çox oyun keçirəndir. 2004-cü ilin yayından fasiləsiz milli çempionatımızın iştirakçısı olan 33 yaşlı futbolçu bu müddətdə 121 görüşdə forma geyinib. Qomeş bu göstəricisinə görə ən titullu legionerlərimiz olan sabiq “Şəmkir”lilər – gürcü Badri Kvaratsxeliya və ukraynalı Viktor Kulikovdan geri qalır. “Şəmkir”lə ardıcıl iki il (2000 və 2001-ci illərdə) Azərbaycan çempionu olan hər iki əcnəbi hücumçu artıq xeyli müddətdir futbolçu karyeralarını bitiriblər.

Leandro karyerasında ən yaxşı dövrünü “Bakı”da keçirib. Təsadüfi deyil ki, “Leo” ləqəbli braziliyalı 5 il öncə onu ölkəmizə gətirən bu klubla böyük uğurlar əldə edib. Qomeş Azərbaycan çempionluğu, Azərbaycan kuboku, çempionatımızın bürünc medalına sahib çıxdığı “Bakı”da ümumilikdə 114 görüş keçirib. O, bu göstəricidə komandanın kapitanı Rafael Əmirbəyov və argentinalı Fernando Peresdən geri qalır.

Yeri gəlmişkən, Qomeş “Bakı”nın tarixində ən çox qol vuran futbolçular arasında 2-ci olmaqla, 40 dəfə fərqlənən Peresdən bu baxımdan da geri qalıb. Qomeş ötən yay “Bakı”dan “Olimpik”ə keçməklə, hər iki komandada baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında oynadı. Ancaq digər paytaxt təmsilçisində elə də parlamayan “Leo” cəmi bir mövsümdən sonra gedəsi oldu. O, bu yay Yevlaxın “Karvan” klubuna keçməklə, ölkəmizdə ilk dəfə paytaxtdan kənar çıxış etdi. Ancaq Qomeşin əyalət macərası heç yarım il çəkmədi. Yenicə ailə həyatı qurduğu xanımı üçün darıxan braziliyalı vətəninə qayıtmaq fikrinə düşdü və “Karvan” rəhbərliyi onun bu xahişini müsbət cavabladı. Nəticədə legionerlərlə müqavilə qarşılıqlı razılıqla pozuldu.

Leandronu intizamlı futbolçu saymaq olar. Hər halda, o, ölkəmizdə çıxış etdiyi 5,5 ildə cəmi iki dəfə meydandan qovulub. Bunlar UEFA kubokunda Slovakiyanın “Jilina” klubu ilə cavab görüşündə və milli çempionatımızda alınan qırmızı vərəqədir. Slovakiyada keçirilən oyunda “Bakı”nın heyətində aldığı qırmızı həm Qomeşə, həm də komandasına baha başa gəldi. “Zolaqlılar” görüşün sonunda buraxdığı qolla uduzaraq (1:3) mübarizəni dayandırdı, UEFA isə Leandronu üç oyunluq cəzalandırdı. Bu, “Leo”nun “Bakı”nın heyətində avrokuboklarda sonuncu görüşü oldu.

Qomeş milliləşdirildiyi “Bakı”dan 2006-cı ildə yığmaya Şahin Diniyev baş məşqçi olduğu dövrdə dəvət aldı. Braziliyalı Qazaxıstanla 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən rəsmi oyunda (1:1) debüt etdi. Ancaq klubdan fərqli, yığmada fərqlənə bilməyən Qomeş 18 oyunda qol hesabını açmadı. Hazırkı baş məşqçi Berti Foqtsdan da dəvət alan Leandro yığmamızda sonuncu oyununu İspaniya yığmasına Bakıda darmadağın olduğumuz (0:6) yoldaşlıq görüşündə keçirib. “Leo” yığmamızın 17 illik tarixində ən çox oyun keçirən milliləşən legionerlər arasında 4-cü yerdədir. O, bu göstəricidə ukraynalı yarımmüdafiəçi Aleksandr Çertoqanov, serbiyalı hücumçu Branimir Subaşiç və rusiyalı müdafiəçi Deni Qaysumovdan arxada qalıb.

Qomeş ölkəmizdəki legionerlər arasında ən uzun müddətli oynayanı olsa da, əksər futbolçulardan fərqli, şəxsi avtomobili yox idi. Azərbaycan dilini başa düşən braziliyalı ictimai nəqliyyatdan – metro və marşrutdan yararlanırdı. Leandro uzun illər bir yerdə oynadığı Fernandonun yolu ilə getdi. Belə ki, Qomeş kimi 2004-cü ilin yayında “Bakı”ya gələn Peres də ölkəmizi xanımına görə tərk edərək, vətəninə qayıtdı.


İl

Klub

Azərbaycan çempionatı

Azərbaycan kuboku

Avrokuboklar

Birlik kuboku

Cəmi

 

 

oyun

qol

oyun

qol

oyun

qol

oyun

qol

oyun

qol

2004-08

“Bakı”

88

29

20

9

2

-

4

-

114

38

2008-09

“Olimpik”

24

10

4

-

1

-

-

-

29

10

2009

“Karvan”

9

2

-

-

-

-

-

-

9

2

yekun

-

121

41

24

9

3

-

4

-

152

50

0