Berti Foqts: Yeni stimulla Asiya çempionuna qarşı ilk sınaq
14.11.2009 - 14:55
Berti Foqts: Yeni stimulla Asiya çempionuna qarşı ilk sınaq
Azərbaycan yığması sabah Birləşmiş Ərəb Əmirliklərində start götürəcək beynəlxalq turnirdə debüt edəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun baş məşqçisi olduğu milli komandamız Əl-Ayn şəhərindəki “Tahnoun Bin Mohammed” stadionunda İraqla görüşəcək. Bakı vaxtlı ilə saat 16:45-də başlayacaq oyun komandamızın turnirin qalibi olmaq perspektivinə aydınlıq gətirəcək. Belə ki, sabah günün ikinci oyununda meydan sahibləri ilə Çexiya yığması qüvvəsini sınayacaq və cütün qalibləri finalda görüşəcək. Əgər Foqtsun komandası İraqa yenilərsə, onda 3-cü yer uğrunda oyunda çıxış etməli olacaq.

Bu, Foqtsun AFFA rəhbərliyi ilə yeni müqavilə imzaladıqdan sonra ilk sınağı olacaq. Ötən ilin aprelindən milli komandamızın sükanı arxasında olan, bu həftə isə anlaşması daha iki illiyə uzadılan 63 yaşlı alman mütəxəssis son Asiya çempionunu üstələməlidir. Qitə kubokunun hazırkı sahibi olan İraq bu uğura 2007-ci ildə nail olub. Milli komandamızı 17 illik tarixində indiyədək bir sıra Asiya təmsilçiləri ilə görüşüb ki, bunlar arasında İraq olmayıb.

Təbii ki, Azərbaycanın UEFA-nın üzvü olduğunu nəzərə alsaq, asiyalılarla görüş yoldaşlıq xarakteri daşıyıb. Milli komandamız Foqtsun dövründə artıq üçüncü dəfədir bu qitənin ölkənin təmsilçiləri ilə qüvvəsini sınayacaq. Buna qədər Bəhreynlə və Küveytlə səfərdəki yoldaşlıq görüşlərində müvafiq olaraq 2:1 hesabı ilə qalib gəlmiş və 1:1 hesablı heç-heçə etmişik. Həmin oyunlarda qol vuran futbolçularımız – Zeynal Zeynalov, Elvin Məmmədov və Vaqif Cavadov indi də milli komandamızın sıralarındadır.

Bu yay Cənubi Afrika Respublikasında keçirilən Konfederasiyalar Kubokunda Asiyanı təmsil edən, ancaq qrupdan çıxa bilməyən İraq yığması etibarlı müdafiəsi ilə seçildi. Təsadüfi deyil ki, həmin turnirdə Bakıda yığmamızı 6:0 hesabı ilə yenməklə yollanan son Avropa çempionu İspaniya yığması iraqlıların qapısına görüşün sonunda güclə yol tapa bildi – 1:0. Foqtsun Asiyada, konkret Küveyt yığmasında baş məşqçi kimi çalışdığını nəzərə alsaq, qonşu ölkə olan İraqın futboluna yaxından bələd olmalıdır. Təcrübəli mütəxəssis Küveytlə uzun illə müharibə aparan, döyülə-döyülə futbol öyrənən iraqlılara gücünü göstərməlidir.

Səddam Hüseynin uzun illər rəhbərlik etdiyi ölkənin əsas yığmasının tarixi 1957-ci ildən başlayır. Ancaq İraq bu 52 ildə cəmi bir dəfə – 1986-cı ildə dünya çempionatının final mərhələsinə qatılıb. Özü də Meksikada keçirilən həmin mötəbər yarışda uğursuz çıxış edən rəqibimiz qrupda keçirdiyi hər üç oyunda uduzaraq, xal üzünə həsrət qaldı. 80-ci illərdə ardıcıl üç dəfə Olimpiada iştirakçısı olan iraqlılar ən yaxşı halda, ¼ finala yüksəliblər.

2004-cü ildə FİFA-nın “Fair play”, Asiya Futbol Konfederasiyasının isə “İlin komandası” mükafatlarını qazanan İraq yığması həmin vaxt FİFA reytinqində tarixinin ən yüksək nəticəsi – 39-cu yerə yüksəlməsi ilə yadda qalıb. Cəmi 3 il sonra isə məşhur “WORLD SOCCER” nəşri onları dünyanın ən yaxşı komandası seçdi. FİFA-nın sanksiyalarına məruz qalması nəticəsində geriləyən iraqlılar 1996-cı ildə futbol tarixinin ən bərbad vəziyyətini – reytinqdə 139-cu yerə düşməsini yaşadılar. Bu, sabahkı rəqibimizin tarixinin ən aşağı göstəricisidir.
0