Azərbaycanlı FİFA hakimi Braziliya yığmasının oyununu idarə edəcək
16.11.2009 - 01:58
Azərbaycanlı FİFA hakimi Braziliya yığmasının oyununu idarə edəcək
Sabah Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunları start götürür. Apasport.az saytının xəbərinə görə, 16 milli komandanın iştirak edəcəyi bu nüfuzlu yarışın hakimləri arasında bir həmyerlimiz də var.

Belə ki, Azərbaycan futbolu tarixində ilk dəfə dünya çempionatının final mərhələsinin oyununa FİFA hakimi Əfqan Həmzəyev təyinat alıb. Artıq onun idarə edəcəyi ilk oyun da bəlli olub. Həmyerlimiz B qrupunda Rusiya – Kosta-Rika matçında ehtiyat hakim funksiyasını yerinə yetirəcək. Noyabrın 17-də isə keçiriləcək günün son oyununda D qrupunun favoritləri Braziliya və Bəhreyn yığmasının oyununda Həmzəyev baş hakim olacaq.

Qeyd edək ki, Braziliya üçqat dünya çempionu, Bəhreyn isə Asiya çempionudur. Bəhreyn yığmasının baş məşqçisi isə vaxtilə Azərbaycan millisini çalışdıran Braziliyali Qustavo Slokkovikdir.
0