Ana söyüşü söyən Maradona cəzasını aldı
16.11.2009 - 10:19
Ana söyüşü söyən Maradona cəzasını aldı
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Argentina milli komandasının baş məşqçisi Dieqo Armando Maradonanı iki aylıq cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bu qərar FİFA-nın Nizam-İntizam Komitəsinin iclasında qəbul edilib. Qərara əsasən, Maradona iki ay müddətinə futbolla bağlı bütün işlərdən kənarlaşdırılıb. Buna səbəb 49 yaşlı çalışdırıcının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay yığması ilə səfərdə keçirilən oyundan (1:0) sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlətməsidir.

Argentina yığmasının dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazandığı həmin qələbənin ardından baş məşqçi hamını təbrik etsə, ona qarşı çıxanlara, xüsusilə media nümayəndələrinə bunu aid etməyib. Bu azmış kimi, əfsanəvi futbolçu jurnalistlərə ana söyüşü söyüb.

FİFA Maradonanı, həmçinin 25 min İsveçrə frankı (24630 ABŞ dolları) cərimələyib. Dünən qüvvəyə minən cəza gələn il yanvarın 15-də bitəcək. Maradona bu müddətə yalnız Çexiya yığması ilə yoldaşlıq görüşünü buraxacaq ki, həmin oyun dekabrın 16-da keçiriləcək. Bu isə o deməkdir ki, Maradona 2010-cu ilin yayında Cənubi Afrika Respublikasında baş tutacaq dünya çempionatının final mərhələsində milli komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, FİFA-nın son bəyanatında Maradonanın insidentə görə dünyanın ali futbol qurumu və bütün futbol ictimaiyyətindən üzr istədiyi, dərin təəssüfünü bildirdiyi öz əskini tapıb.
0