Milli komandamızın yeni rekordçusu: Kamran Ağayev
16.11.2009 - 17:44
Milli komandamızın yeni rekordçusu: Kamran Ağayev
Azərbaycan milli komandasının futbolçusu Kamran Ağayev rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran” klubunun da şərəfini qoruyan 23 yaşlı qapıçı cəmi 14 aydır çıxış etdiyi yığmamızda penalti zərbələrini qaytarmaq üzrə ixtisaslaşıb. Əsas milli komandamızda ötən seçmə mərhələnin ilk oyununda - 2008-ci ilin sentyabrın 6-da Uelslə səfərdə keçirilən görüşdə (0:1) debüt edən Kamran fərqlənməyi bacarmışdı. O, Kardiffin məşhur “Millenium” stadionunda rəqib komandada kapitan sarğısını daşıyan hücumçu Ceyson Kumasın 11 metrlik cərimə zərbəsini dəf etmişdi. Ağayev növbəti belə məharətini seçmə mərhələnin son oyununda, bu il oktyabrın 14-də Rusiya yığması ilə Bakıdakı görüşdə (1:1) nümayiş etdirmişdi. Qapıçımız rusiyalı müdafiəçi Sergey İqnaşeviçin Tofiq Bəhramov adına Respublika stadionunda penaltidən qol vurmasına əngəl törətmişdi.

Nəhayət, Kamran növbəti dəfə səhnəyə Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində çıxıb. Burada keçirilən beynəlxalq turnir çərçivəsində noyabrın 15-də İraq yığması ilə görüşdə (0:1) qapıçımız Asiya çempionu Emad Mohammedin arzusunu gözündə qoyub. Fərq ondadır ki, Ağayev bu dəfə istəyinə ikinci cəhddən çatıb. Yəni iraqlı futbolçu öncə penaltini dəqiq yerinə yetirsə də, baş hakim qayda pozuntusu üzündən zərbənin təkrarən yerinə yetirilməsinə qərar verdi. Mohammed topu yenə sol küncə göndərdi ki, bu dəfə istiqaməti düz müəyyənləşdirən Ağayev zərbəni dəf etdi. Kamranın qaytardığı 3 penalti zərbəsini birləşdirən məqam ondadır ki, bunların hamısı ikinci hissədə vurulub.

Ümumilikdə milli komandamızda Ağayevin qapısına 5 penalti təyin edilib. Helsinkidə (0:1) finlandiyalı hücumçu Mikael Forssell, Hannoverdə (0:4) isə Almaniya komandasının kapitanı Mixael Ballak penaltidən qapıçımıza qol vurub.

Yığmamızın 17 illik tarixində 3 dəfə penaltini dəf edən qapıçı olmayıb. Kamranı bu göstəricidə rekordçu saymaq olar. Özü də bu qapıçı indiyədək mili komandamızda cəmi 10 oyun keçirib. Bu müddətdə 12 top buraxan Kamran yubiley görüşündə fərqlənib. Ağayev penalti zərərsizləşdirmək bacarığını hələ “Xəzər-Lənkəran”ın heyətində göstərib. Söhbət ötən ilin yanvarında Sankt-Peterburq şəhərində keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nun 1/4 finalında Moldovanın “Şerif” klubu ilə görüşdən gedir. 2:2 hesabı ilə nəticələnən oyunun taleyinin oyunsonrası penaltilər seriyasının həll ediləcəyini görən “Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov 90-cı dəqiqədə Kamranı təcrübəli həmkarı Dmitri Kramarenkonun yerinə meydana buraxmışdı. Bu, uğurlu əvəzetmə penaltilər seriyasında özünü göstərib və Ağayev “Şerif”in liderlərindən olan Vaja Tarxnişvilinin zərbəsini dəf edib. Bununla da gənc qapıçı həm 5:3 hesablı qələbədə əsas səbəbkar, həm də sonrakı görüşlərdə inamlı oyunu ilə “Birlik kuboku”nu qazanmaqda pay sahibi olub.
0