“Hansısa səhvə yol verdiyimi xatırlamıram” - MÜSAHİBƏ
17.11.2009 - 00:42
“Hansısa səhvə yol verdiyimi xatırlamıram” - MÜSAHİBƏ
Çempionatda qeyri-sabit çıxışı ilə yadda qalan “Olimpik-Şüvəlan” ölkə kubokunda mübarizəni davam etdirir. Paytaxt təmsilçisi 1/8 final mərhələsində ötən il məğlub olduğu “Qəbələ”ni yarışdan kənarlaşdırdı. Qarşısına “6-lıq”a düşmək vəzifəsi qoyulan “təyyarəçilər” çempionatın növbəti turunda isə “Qarabağ”la qarşılaşacaq. Həm kubok, həm də komandanın çıxışı barədə Elşən Poladovla söhbətləşdik.

- “Qəbələ” ilə birinci oyunda qələbə qazansanız da, səfərdə məğlub oldunuz...
- Son vaxtlar “Qəbələ” ilə oyunlarımız gərgin keçir. Bu da onların güclü rəqibə çevrilməsi ilə bağlıdır. Bakıdakı oyunda qazandığımız qələbə bizə stimul verdi. Elə rəqib meydanındakı matçda da hesabı qorumağa çalışırdıq. Heç-heçə və ya minimalhesablı məğlubiyyət 1/4 finala yüksəlməyimizə imkan verəcəkdi. Məqsədimizə nail olduq. Qəbələdəki oyunun son dəqiqəsində rəqib penaltidən qol vuraraq 1:0 hesabı ilə qələbə qazandı. İki oyunun nəticəsinə görə isə növbəti mərhələyə biz vəsiqə qazandıq.

- 1/4 finalda daha güclü rəqiblə - “Simurq”la qarşılaşacaqsınız. Necə düşünürsən, Zaqatala təmsilçisini məğlub edə biləcəksinizmi?
- Artıq zəif rəqib yoxdur. Əlbəttə, rəqibin kimliyindən asılı olmayaraq, məqsədimiz dəyişməyəcək. Bütün oyunlara qələbə əzmi ilə çıxırıq. Düzdür, çempionat oyununda onlara 0:3 hesabı ilə məğlub olduq. Amma bu, “Olimpik-Şüvəlan”ın zəif olması anlamına gəlməməlidir. 10 nəfərlə qaldıqdan sonra işimiz xeyli çətinləşdi. “Simurq” “6-lıq”a düşmək vəzifəsinin öhdəsindən hardasa 60 faiz gəlib. Bunu nəzərə alsaq, onların da kubokda “döyüşəcəklər”ini proqnozlaşdırmaq olar. Kimin güclü olacağını isə zaman göstərəcək. Çünki 1/4 finalın oyunları martda olacaq. Dövrələrarası fasilədə hər iki komandanın heyətini gücləndirəcəyi isə istisna edilmir.

- Reallığı nəzərə alsaq, “Olimpik-Şüvəlan”ın ümidini kuboku qazanmağa bağladığını söyləmək olarmı?
- Konkret hansısa cəbhəyə üstünlük verəcəyimizlə bağlı tapşırıq almamışıq. Çünki hələ çempionat davam edir. Qarşıda II dövrə var və turnir cədvəlində çox dəyişikliklər ola bilər. Biz “6-lıq”a düşmək ümidimizi və şansımızı itirməmişik. Həm də kubok oyunları martda olacaq. Ona qədər isə ikinci dövrə yekunlaşacaq. Bundan sonra hansı cəbhəyə üstünlük verəcəyimiz müəyyənləşəcək.

- Bəs “Simurq”a böyükhesabla məğlubiyyət necə, gözlənilən idimi? Bu məğlubiyyəti “6-lıq”a düşmək üçün mübarizə aparan komandanız üçün zərbə hesab etmək olarmı?
- Bu, bizim üçün də qaranlıq qaldı. Komandada heç bir problem yox idi. Hətta birinci hissədən sonra hesab açılmamışdı. Fasilədə elə oyunun bu hesabla bitəcəyini düşünürdük. Sonra Vasif qırmızı vərəqə aldı. Məşqçilər orta xətti gücləndirdirlər. Top buraxdıqdan sonra təhlükəli hücumlar qurduq. Lakin istifadə edə bilmədik. Əksinə, rəqib fürsətdən maksimum yararlandı. Bu, futboldur. Liderlər qrupunda məskunlaşan komandalar da xallar itirirlər. İkinci dövrə daha gərgin keçəcək.

- “Olimpik-Şüvəlan”ın qeyri-sabit çıxışının səbəbini nə ilə izah edə bilərsən?
- Nə bilim, bu suala məşqçilər korpusu yaxşı çavab verə bilər. Oyunun alınıb-alınmamasından da çox şey asılıdır.

- Maraqlıdır ki, komandanız tək iddialılarla deyil, həm də turnir cədvəlinin aşağı pillələrində məskunlaşan komandaları ilə matçlarda da xallar itirir..
- Ola bilsin, bu, motivasiya ilə bağlı olsun. Məsələn, “Xəzər-Lənkəran”, “Neftçi”, “İnter” kimi komandalarla oyunlara ciddi hazırlaşırıq. Həm də bu komandaların adları qarşı tərəfi onlara hörmətlə yanaşmağa vadar edir. Üstəlik, belə güclü rəqiblərlə oyunlarda futbolçular da özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Turnir sədvəlinin aşağı pillələrində qərarlaşan komandalarla matçlara ola bilsin, futbolçular arxayın çıxsınlar. Burada vaxt amilini də unutmaq olmaz. “Xəzər-Lənkəran” kimi güclü rəqibi məğlub etdik, amma “Muğan”la xalları yarı böldük. Çünki bərpa prosesi keçmək, eləcə də oyuna hazırlaşmaq üçün vaxtımız olmadı. Elə oyunlar da oldu ki, itirilən xallara heyfslənməmək mümkün deyil. “İnter”i 2:0 udduğumuz halda sonda xalları yarı böldük. Elə “Turan”la oyunda da analoji vəziyyətlə üzləşdik. “Muğan”ı da bu siyahıya aid etmək olar. “Neftçi”yə məğlub olsaq da, biz onlardan yaxşı futbol oynadıq. İmkanlarımız da onlardan çox oldu. Amma istifadə edə bilmədik.

- Çoxlarının fikrincə, inamlı müdafiəsi ilə ad çıxaran “Olimpik-Şüvəlan” Tərlan Əhmədovun gedişindən sonra “açıq qapı”ya dönüb. Bu fikirlə razısanmı?
- Həmin vaxt komandada bir neçə il bir yerdə oynayan uşaqlar çoxluq təşkil edirdi. Həm də Tərlan bir böyük kimi meydanda oyunçuları nizamlayırdı. İndiki heyətdə təcrübəli futbolçu azdır. Uşaqların əksəriyyəti komandaya təzə cəlb edilib. Təbii ki, onların bir-birinə uyğunlaşması, anlaması üçün vaxt lazımdır.

- Birinci dövrənin son turunda “Qarabağ”la qarşılaşacaq “Olimpik-Şüvəlan”dan nə gözləmək olar?
- Bu oyunun hazırlığına başlamışıq. Gündə 2 dəfə olmaqla məşq edirik. “Qarabağ” Avropa Liqasında uğurlu çıxış etməklə sözünü dedi. Çempionatda da işləri pis getmir. Amma biz yalnız qələbə haqqında düşünürük. Bu görüşdə bizi 2 il əvvəl çempionluqdan edən oyunun qisasını almaq maraqlandırmır. Çünki həmin oyunda “Qarabağ öz adını qorumaq üçün meydana çıxdı və qələbə qazandı. Elə futbolun gözəlliyi də bundadır. Bəzən gözləmədiyin nəticə ilə qarşılaşırsan.

- Bu gedişlə “6-lıq”a düşmək şansınızı necə qiymətləndirirsən?
- Əgər qışda transfer olunmasa, 50/50-yə.

- Bir müddət əvvəl Vaqif Qasımov kluba prezident təyin edildi. Onun gəlişindən sonra komandada nə dəyişib?
- Vaqif müəllimin gəlişindən sonra Ramaz Cabnidze öz istəyi ilə klubdan ayrıldı. Ramin Nəsibovla da müqavilə pozuldu. O, komandaya götürüləndə zədəli idi. Sonradan müalicə olunsa da, “Bakı” ilə görüşdə yenidən əzələsini dartdı.

- Prezidentin futbolçulardan əsas tələbi nədir?
- O, “6-lıq”a düşməyin vacib olduğunu bildirib. Bir də heyəti qorumağa çalışacağını deyib. Əlbəttə, getmək istəyən futbolçunu heç kim saxlamayacaq. Çünki onun komandaya xeyrindən çox zərəri dəyəcək.

- Öz oyunundan necə, razısanmı?
- Cahangir məndən zəif qapıçı deyil. U-21-də və “Şəfa”da bir yerdə oynamışıq. Əvvəl bir oyunda mən, digərində o, dururdu. Ancaq son oyunlarda baş məşqçi mənə daha çox şans verir.

- Amma hər ikiniz kobud səhvlərə yol verirsiniz...
- “Neftçi” ilə oyunu nəzərdə tutursunuzsa, buraxılan qolda mənim nə dərəcədə səhvim olduğunu deyə bilmərəm. Hər halda, bu, kənardan daha yaxşı görsənir. Digər matçlarda isə hansısa səhvə yol verdiyimi xatırlamıram.

“Futbol dünyası” qəzeti
0