Kordoba AFFA-ya qarşı çıxdı
01.12.2009 - 12:32
Kordoba AFFA-ya qarşı çıxdı
Futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nı təşkil etməyə namizədlərin sayı artıb. Apasport.az saytının məlumatına görə, Naxçıvanın “Araz” klubunun da çıxış edəcəyi qarşılaşmaları Bakıda keçirmək istəyən AFFA ciddi çətinliklə üzləşib.

Buna yarışda təmsil olunan digər iki ölkənin də finalı qəbul etmək istəyi səbəb olub. Belə ki, dörd ən güclü arasında təmsilçisi olan İspaniya, həmçinin Portuqaliya da yarımfinal və final matçlarını keçirmək fikrindədir. Hər iki ölkənin belə yarışların təşkilində böyük təcrübəyə malik olması, üstəlik, futzal ölkələri sayılması AFFA-nın arzusunun gerçəkləşməsində əngəl törədə bilər.

İndi AFFA bu ölkələrlə rəqabət aparmalı olacaq. Artıq UEFA da öz nümayəndələrini Avropa futbolunun mərkəzi sayılan İspaniyaya yollayıb. Kordoba şəhərindəki idman qurğuları və otelləri yoxlayacaq UEFA rəsmiləri oradan da Lissabona üz tutacaq.

Qeyd edək ki, final mərhələsinin oyunları gələn il aprelin 23-25-də keçiriləcək.