“Olimpik-Şüvəlan”da maliyyə yoxlamaları!?
01.12.2009 - 13:35
“Olimpik-Şüvəlan”da maliyyə yoxlamaları!?
Bakının “Olimpik-Şüvəlan” klubunda maliyyə yoxlamaları aparılır. Bu barədə apasport.az saytına etibarlı mənbədən məlumat verilib. Mənbə bildirib ki, yoxlamalar ötən ay “Olimpik-Şüvəlan”ın prezidenti Rəsul Rəsulovun istefaya göndərilməsindən sonra başlanılıb. Yoxlamalar nəticəsində klubda təxminən 100 min ABŞ dolları yeyinti aşkarlandığı bildirilir. Məlumatda o da deyilir ki, Rəsulovun ardınca, baş məşqçi Əsgər Abdullayev məhz maliyyə yeyintisi ucbatından istefaya göndərilib.

Bu məsələ ilə bağlı fikrini öyrəndiyimiz “Olimpik-Şüvəlan”ın yeni prezidenti Vaqif Qasımov məlumatı təkzib edib: “Komandamızda maliyyə yoxlamasının aparılması ilə bağlı deyilənlər həqiqətəuyğun deyil. Ofisimizin yerini bilirsiniz. İnanmayanlar, gəlib yoxlamanın aparılmadığına şahid ola bilər”.

Qasımov 2006-07-ci illərdə klubda vitse-prezident postunda çalışsa da, sonradan vəzifəsindən kənarlaşdırıldı. O, “Olimpik-Şüvəlan”da prezident dəyişikliyinin maliyyə yeyintisi ilə əlaqədar olmadığını qətiyyətlə söyləyib: “Mən Rəsul müəllimi çoxdan tanıyıram, uzun müddət bir yerdə işləmişik. O, başqa işə keçdiyindən, klubdan ayrılıb. Bildiyimə görə, baş sponsorumuz olan AZAL-da ona məsul vəzifə tapşırılıb. Baş məşqçimiz Əsgər Abdullayev isə nəticəyə görə vəzifəsindən getdi. Hər halda, 8-ci pillə “Olimpik-Şüvəlan”ın yeri deyil. Köməkçi məşqçilərdən yalnız Qəhrəman Əliyevlə yollarımızı ayırmışıq. Əliyev əsasən fiziki hazırlığa cavabdeh idi. Görürsünüz də, futbolçularımızın fiziki hazırlığı nə gündədir, çox zəifdir”.

“Olimpik-Şüvəlan”ın prezidenti klubda maliyyə yeyintisinin olmasını qeyri-mümkün sayır: “Kim nə yeyə bilər ki? Verilən də bəlli, alınan da. “Olimpik-Şüvəlan”da bir qəpik də yeyilə bilməz. Klubumuz üçün ayrılan büdcədən 1 manat da ora-bura, hansısa başqa məqsədlərə gedə bilməz. Rəsul müəllimin vaxtında maliyyə pozuntuları olmayıb. Elə bundan sonra da ola bilməz. Buna görə də maliyyə yoxlamasına ehtiyac yoxdur və deyilənlər cəfəngiyatdır. Ümumiyyətlə, gedənin arxasınca danışmaq, kimdəsə günah axtarmaq lazım deyil. İşimizi elə qurmalıyıq ki, nöqsanlar aradan qalxsın”.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” baş məşqçi dəyişikliyindən sonra yeni çalışdırıcı Nazim Süleymanovun rəhbərliyi altında ilk oyunda səfərdə “Neftçi”dən xal alıb (0:0).