“Bakı” 3 min manat, “Qəbələ” baş məşqçisini itirdi
01.12.2009 - 14:26
“Bakı” 3 min manat, “Qəbələ” baş məşqçisini itirdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, ötən həftəsonu baş vermiş hadisələrə hüquqi qiymət verən komitə üzvləri müvafiq qərarlar çıxarıb.

Unibank Premyer Liqasının XII turunun "Bakı" – "Xəzər-Lənkəran" oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 1000 manat cərimə olunub. Görüşdən sonra təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alan Feliks Felipe Almeyda 2 oyunluq cəzalanmaqla yanaşı, bakılıları daha 2000 manat xərcə salıb.

"Simurq" – "Qəbələ" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ödəyəcək. Matçın 52-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya atılması zaqatalalılara 2000 manata başa gəlib. Qarşılaşmanın 87-ci dəqiqəsində "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov aqressiv hərəkətlərinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır və klubunu 2000 manat ziyana salıb. 41 yaşlı mütəxəssis “Qarabağ”la ev oyununu tribunadan izləməli olacaq.