“Onları kələ-kötür meydanlar yorur”
01.12.2009 - 15:44
“Onları kələ-kötür meydanlar yorur”
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Komandanız ötən həftə prinsipial rəqiblərindən olan “Bakı” ilə iki oyun keçirdi. Böyük əhəmiyyət kəsb edən bu qarşılaşmalar komandanız üçün fərqli oldu. Həm nəticə, həm də oyun baxımından ev və səfər oyunları ciddi fərqləndi. Buna səbəb nə idi?
- Taktiki dəyişiklik sayəsində buna nail olduq.

- Lənkəranda 1:1 hesablı heç-heçə ilə kifayətləndiyiniz matçla müqayisədə Bakıda 3:0 qalib gələn heyətdə cəmi iki dəyişiklik var idi. Start heyətində Osvaldo Juniorla Nizami Hacıyevi Allan Lalin və Rahid Əmirquliyev əvəzlədi. Bu dəyişikliklər oyuna nə dərəcədə təsir edib?
- Söhbət heç də heyətdəki dəyişiklikdən getmir. Biz taktikanı dəyişdik. Lənkəranda daha yaxşı oynamaq, gözəl futbol göstərmək istəyirdik. Lakin “Bakı” çox yaxşı oynadı. Xüsusilə də orta sahədə. Buna görə də ikinci oyuna dəyişiklik etməyə məcbur olduq.

- Bu dəyişiklik konkret nədən ibarət idi?
- Oyunu cinahlardan qurduq. Topla daha yaxşı işlədik. Yəni, Lənkəranda alınmayanları həyata keçirdik.

- Bu dedikləriniz ev oyununda niyə alınmırdı?
- Elə biz də bunu təhlil edirik. Futbolçu meydanda hər bir şeyə hazır olmalıdır. O cümlədən, istənilən an pressinqə məruz qalmağa, bundan necə qurtulmağa da. Həm də Lənkərandakı qarşılaşmaya bəzi futbolçularımızı hazır deyildi.

- Bakıdakı görüş necə, sizi tam qane etdimi?
- İstəyimiz odur ki, həm komandanın oyunu olsun, həm də bu stabil xarakter daşısın. Bunun üçün isə heyət olmalıdır.

- Belə çıxır ki, hazırkı heyətdən razı deyilsiniz. Yəqin ki qışda heyətlə bağlı islahatlar olacaq?
- İnşallah,
- Qarşıda daha bir çətin oyununuz var. “İnter”lə səfərdəki matç da asan olmayacaq...
- Əksər klublar “İnter”dən iki amilə görə çəkinir. Birincisi, heyətlə bağlıdır. Özü də deyim ki, sadəcə heyət yox, oturuşmuş heyət. İkinci amil isə “İnter”in ev oyunlarını keçirdiyi örtüklə bağlıdır. Süni örtükdə hazırlaşıb məşq etdiyindən onlara meydana uyğunlaşmaq çətin olmur. Özü də ilk dövrədə onlara 1:0 hesabı ilə qalib gəlmişik. İndi də gərgin mübarizə olacaq.

- Qarşılaşmaya prinsipiallıq qatan daha bir məqam çempionatın formatıdır. II mərhələdə indi toplanan “qızıl xallar” böyük əhəmiyyət kəsb edəcək. “İnter”lə matçda da məhz belə xallardan söhbət gedir...
- Düzdür, hələ “altılıq” müəyyənləşmədiyindən bu haqda danışmaq olmaz. Lakin bu o demək deyil ki, “qızıl xallar” haqda düşünməməliyik. Çempionat gedə-gedə “qızıl xallar”ın qazanılmasına da çalışmalıyıq ki, sonradan çempionluq üçün mübarizə aparmaq olsun.

- “İnter”in heyətində hansı mövqe daha güclüdür?
- Bakılıların bütün xətləri güclüdür. Xüsusilə, cinahlar. Andrey Rubin çox səviyyəli yarımmüdafiəçidir. Digər cinahda Anhel Qutyerresi də qeyd etməliyəm. “İnter”in cinah müdafiəçiləri də çox yaxşıdır. Həm Mahir Şükürov, həm də gürcü – Kaxaber Mjavanadze hücumameylli futbolçulardır. Onların oyun üslubu da fərqlidir. “İnter” futbolçuları topla işləyir, ayağa oynamağı xoşlayır. Hücumçular da fəallığı ilə seçilir, daim boş zona axtarışında olurlar.

- “İnter”lə “Bakı” ilə ardıcıl 2 oyundan sonra qarşılaşacaqsınız. 11 günə ikisi səfərdə olmaqla 3 çətin oyun keçirmək çətinlik yaratmayacaq?
- Birinci dövrə artıq arxada qalıb və ikinci dövrəni oynayırıq. Amma bu, futbolçuların yorğunluğundan danışmağa əsas verir. Oyunçuları meydanların ağırlığı yorur. Otdan süni örtüyə keçmək çətinlik yaradır. Kimsə deyə bilər ki, “İnter” də son oyununu Yevlaxda ot üstündə keçirib. Lakin onlar artıq həmin süni örtüyə öyrəşiblər. Meydanların hamısı düz və yaxşı səviyyədə olsa, yorğunuq da olmaz. İnanmıram ki, belə olsa, kimsə yorğunluqdan şikayətlənsin. Onları kələ-kötür meydanlar yorur.

- Azərbaycan çempionatları boyu daim hakimlik gündəmdə olub. Elə cari mövsümdə də gah bu, gah digər klub idarəçilikdən narazı qalır. Hakimliklə bağlı siz nə düşünürsünüz?
- Yaxşı hakimlərimiz var və onlar yüksək səviyyədə idarəçilik etməyə çalışırlar. Lakin hakimlər də insandır, səhvləri olur. Təki onlar birtərəfli səhvlər etməsinlər. Son illər AFFA və PFL rəhbərliyi hakimlərin səviyyəsinin artırılması üçün xeyli işlər görüb. Toplanışlar təşkil olunur, onların yetişməsi və inkişafı üçün şərait yaradılır. Amma hər şey hakimlərin özlərindən də asılıdır. Mən istəyərəm ki, onlar UEFA-nın I, II kateqoriyalı hakimləri sırasına düşsünlər.