Mübariz Mənsimovdan sərt addım
02.12.2009 - 00:00
Mübariz Mənsimovdan sərt addım
Bir müddət əvvəl “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti postunda çalışmış Araz Nəsirov “Palmali” Şirkətlər Qrupunun Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən baş ofisindən qovulub. Apasport.az saytının məlumatına görə, buna səbəb kimi Nəsirovun azarkeşlərlə klub rəhbərliyi arasında nifaq salması göstərilir.

Son günlər bəzi şəxslər tərəfindən “Xəzər-Lənkəran”la fanatlar arasında soyuq münasibət yaradılmasına cəhd edilir. Aldığımız məlumata görə, azarkeşlərin doğma komandaları ilə vəziyyətinin bu həddə çatmasında Nəsirovla yanaşı, digər sabiq vitse-prezident Rəvan Bəşirov və daha bir şəxs fəal iştirak edib. Məhz bu “üçlüy”ün komanda daxilində olan və “olmayan hadisələrin” mətbuata çıxmasında “əməyi” olduğu bildirilir.

Bu səbəbdən “Xəzər-Lənkəran”ın fəxri-prezidenti və sahibi Mübariz Mənsimov Nəsirovu rəhbərlik etdiyi “Palmali” Şirkətlər Qrupunun baş ofisindən kənarlaşdırıb.

Xeyli müddətdir “Palmali”də çalışan Nəsirov 2008-ci ilin avqust ayının sonlarında “Xəzər-Lənkəran”a vitse-prezident təyin olunmuşdu. Amma cəmisi 4 aylıq klub işi yarıtmaz olduğundan tutduğu postdan kənarlaşdırılan Nəsirov “Palmali” Şirkətlər Qrupunun İstanbuldakı baş ofisinə təyinat almışdı. Onu vitse-prezident postunda əvəzləyən Rəvan Bəşirovun da fəaliyyəti qeyri-qənaətbəxş sayıldı və 1 il tamam olmamış vəzifəsindən çıxarıldı.