Şelqunov: Transfer siyahımızda Mahir Şükürov adlı futbolçu yoxdur - EKSKLÜZİV
02.12.2009 - 15:38
Şelqunov: Transfer siyahımızda Mahir Şükürov adlı futbolçu yoxdur - EKSKLÜZİV
Rusiya Premyer Liqasında mübarizə aparan Permin “Amkar” klubunun texniki direktoru Vladislav Şelqunovun apasport.az saytına eksklüziv müsahibəsi

- Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovu transfer etmək istəyiniz haqda məlumatlar yayılıb. Bu, nə dərəcədə həqiqətəuyğundur?
- Bağışlayın, hansı futbolçu?

- Mahir Şükürov.
- Hansı komandada oynayır?

- Bakının “İnter” klubunda. Azərbaycan milli komandasında da forma geyinir, vitse-kapitandır...
- Aydındır. Belə bir futbolçunun komandamıza keçidi gündəmdə deyil. Hər halda, klubun texniki direktoru kimi deyə bilərəm ki, Şükürov soyadlı oyunçunu almağı planlaşdırmırıq. Eyni sözləri komandamızın prezidenti adından da deyə bilərəm. Artıq mövsüm başa çatıb, futbolçuları istirahətə yollayıb yeni mövsümün planlarını cızırıq. Növbəti mövsüm üçün yeni futbolçular transfer etməyi planlaşdırırıq.

- Onların arasında Mahir Şükürov da ola bilərmi?
- Dedim axı, hazırda transfer siyahımızda belə bir futbolçu yoxdur, onunla maraqlanmırıq, heç təklif də göndərməmişik.

- Şükürov Azərbaycan yığmasının aparıcı futbolçularından biridir. Rusiya ilə Bakıda keçirilmiş matçda yaxşı təsir bağışlayıb. Yeri gəlmişkən, həmin görüşü izləmisinizmi?
- Bəli, izləmişəm. Ancaq Şükürov soyadlı futbolçu maraq dairəmizə düşməyib. Kim deyir ki, biz onu transfer edirik? Mən bunu ilk dəfədir sizdən eşidirəm.

- Hətta deyilənə görə, Mahirin keçidi üçün 300 min dollar xərcləməyə hazırsınız. Bəlkə bu, menecerlərin işidir, futbolçunu reklam etməklə qiymətini süni şəkildə qaldırırlar?
- Ola bilər. Menecerlər bunda maraqlıdırlar. Belə məlumat yaymaqla, futbolçunu gündəmdə gətirirlər. Bilirsiniz, biz futbolçunu azərbaycanlı, gürcü, belaruslu, yaxud başqa millətə bölmürük. Bizim üçün əsas futbolçunun milliyyəti yox, səviyyəsidir. Əgər səviyyəli, bizə lazım olan, komandamızı gücləndirə bilən futbolçudursa, onu transfer etməyimiz mümkündür.

- Şükürovun “İnter”lə müqaviləsi var. Onu transfer etmək üçün klubuna da kompensasiya ödəyib, əlavə xərcə düşmək lazım gəlir. Bu, transfer planlarınıza uyğundur?
- Baxır futbolçuya. Futbolçudan futbolçuya fərq var. Eləsi var ki, komandamıza sərbəst gəlir. Eləsi də var ki, klubu ilə müqaviləsi olduğu üçün müəyyən məbləğ ödəmək lazım gəlir. Əsas odur ki, futbolçu səviyyəli, bizə lazım olsun. Xidmətində maraqlı olduğumuz futbolçunun transferini imkan daxilində gerçəkləşdiririk.
0