“Neftçi”də növbəti baş məşqçi dəyişikliyi
02.12.2009 - 16:13
“Neftçi”də növbəti baş məşqçi dəyişikliyi
Bakının “Neftçi” klubunun aşağı yaş qrupları üzrə komandalarında baş məşqçi dəyişikləri baş verib. Apasport.az saytının məlumatına görə, 1999-2000-ci il təvəllüdlü uşaqlardan ibarət komandanın baş məşqçisi Rüfət Quliyev bundan sonra flaqmanın 17 yaşlılarını çalışdıracaq. İndiyədək bu vəzifədə işləyən Rəhman Tağıyev Respublika Olimpiya İdman Liseyində (ROİL) çalışmaqla yanaşı, “Neftçi”nin orada fəaliyyət göstərən komandalarına kuratorluq edəcək. Quliyevin son postu isə Arif Abbasova tapşırılıb. O, eyni zamanda “Neftçi”nin U-13 komandasının baş məşqçisi vəzifəsindəki işini də davam etdirəcək.

1988-ci ildə SSRİ-nin U-16 yığma komandası ilə Avropa çempionatının gümüş mükafatçısı olmuş Rüfət “Xəzər” (Sumqayıt), “Turan” (Tovuz), “Xəzri” (Buzovna), “Qarabağ” (Ağdam), “ANS-Pivani” (Bakı), “İstiqlal” (Tehran, İran) və “Sənətneft” (Abadan, İran) klublarında çıxış edib. Milli komandamızın heyətində 43 oyunda meydana çıxmış 37 yaşlı veteran yarımmüdafiəçi 1994-cü ildə “Turan”la Azərbaycan çempionu olub. O, həmçinin İran çempionatının və kubokunun qalibi olmaqla yanaşı, iki dəfə Asiya Çempionlar Liqasında 3-cü yeri tutub.

Məşqçilik karyerasına 2006-cı ildə “Gənclərbirliyi”ndə köməkçi məşqçi kimi başlayan Quliyev ötən ildən “Neftçi”nin 1999-2000-ci il təvəllüdlü futbolçularına rəhbərlik edib. Ötən il bu komanda paytaxt çempionatın qızıl medallarını qazanmış Rüfət “B” kateqoriyalı məşqçi lisenziyasının sahibidir.

Qeyd edək ki, Rüfət “Neftçi”nin hazırkı baş məşqçisi Vaqif Sadıqovun rəhbərliyi altında “ANS-Pivani”də və milli komandamızda oynayıb.
0