“Amkar” rəsmisi: Biz Vaqif Cavadovu bəyənirik!
02.12.2009 - 16:31
“Amkar” rəsmisi: Biz Vaqif Cavadovu bəyənirik!
Azərbaycanlı futbolçular Rusiya klublarının maraq dairəsindədir. Həmyerlimiz Şahin Diniyevin çalışdığı Qroznı “Terek”inin ardınca, Perm “Amkar”ı da milli komandamızın üzvlərini diqqət mərkəzində saxlayır.

“Amkar” klubunun texniki direktoru Vladislav Şelqunov apasport.az saytının müxbiri ilə söhbətində bəzi futbolçularımızla maraqlandıqlarını gizlətməyib. Düzdür, bu sırada daha çox Mahir Şükürovun adı hallansa da, Şelqunov başqa futbolçunun adını çəkib.

Belə ki, Şelqunov Şükürovun keçidinin gündəmdə olmadığını, ümumiyyətlə, onu tanımadığını bildirib. Əvəzində “Amkar”ın texniki direktoru vurğulayıb ki, milli komandamızın Rusiya ilə Bakıdakı görüşündə (1:1) bərabərlik topunu vuran 20 yaşlı hücumçu Vaqif Cavadovu bəyənib.

“Mahir Şükürovdan fərqli, Cavadovu tanıyıram. Rusiya ilə oyunda yaxşı təsir bağışladı, qol da vurdu. Onun oyunu çox xoşuma gəldi. Maraq dairəmizdə azərbaycanlı futbolçular da var. Ancaq hələlik ad açıqlamayacağam. Yalnız onu deyə bilərəm ki, 2 nəfərdir. Konkret Vaqifin transferi ilə də bağlı qəti söz deyə bilmərəm. Hələlik ümumi baxış keçiririk” – deyə Şalqunov əlavə edib.

Rusiya Premyer Liqasında mövsümün yeni bitdiyini xatırladan Şelqunovun sözlərinə görə, hansı futbolçunu transfer edib-etməyəcəklərini vaxtı gələndə müəyyənləşdirəcəklər: “Təbii ki, həmin vaxt baş məşqçimiz Rəşid Rəhimovun fikrini öyrənəcəyik. Ancaq hələ ki azərbaycanlı futbolçuların keçidini onunla müzakirə etməmişik. Lazım olarsa, bunu da edəcəyik. Bilirsiniz, Azərbaycan çempionatının səviyyəsi hazırda Rusiya Premyer Liqasından çox geri qalır. Bu, transfer məsələlərində problem yarada bilər. Ümid edirəm ki, milli çempionatınızın səviyyəsi gələcəkdə yüksək olacaq. Hər şey ola bilər. Çox şey futbolçunun özündən asılıdır”.

Qeyd edək ki, “Terek”in vitse-prezidenti Haydar Alxanov da apasport.az saytına eksklüziv açıqlamasında Vaqifin oyununu bəyəndiyini, milli komandamızın 1-2 futbolçusunun maraq dairələrinə düşdüyünü bildirmişdi.
0