“Fariz Yusifovla Azad Mütəllimovun cəzalanması barədə yayılan xəbərlər əsassızdır”
02.12.2009 - 17:29
“Fariz Yusifovla Azad Mütəllimovun cəzalanması barədə yayılan xəbərlər əsassızdır”
“Əfsuslar olsun ki, qəzet, jurnal müxbirləri hərdən qeyri-obyektiv xəbərlər yazırlar. Bu zaman məlumatı “etibarlı mənbə”yə istinad edirlər. Mən onları başa düşürəm. Yaxşı olardı ki, yazdıqları xəbərlərə məsuliyyətlə yanaşsınlar”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

FİFA hakimi Fariz Yusifovun 5, Azad Mütəllimovun isə 3 oyunluq diskvalifikasiya edilməsi barədə yayılan xəbərlərin əsassız olduğunu bildirən PFL başçısının sözlərinə görə, belə bir şey baş versəydi, bundan xəbərdar olardı: “Yusifovla Mütəllimovun cəzalandırılması barədə xəbərləri mən də qəzetdən oxumuşam. Düzdür, onların cəzalandırılması məsələsinə biz baxmırıq. Həmin qurum sırf AFFA-ya tabedir, PFL-ə aidiyyatı yoxdur. Buna baxmayaraq, AFFA və PFL həmişə birgə çalışıb. Ona görə də istənilən yenilik və cəzadan bizim də xəbərimiz olur”.