Arda Turan dünyada 2-ci, soydaşımız isə 8-cidir
03.12.2009 - 11:00
Arda Turan dünyada 2-ci, soydaşımız isə 8-cidir
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) planetin ən məşhur oyunçusunu müəyyənləşdirmək üçün təşkil etdiyi sorğunun aralıq nəticələrini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, oxucular arasında keçirilən və artıq 636 min 271 nəfərin qatıldığı səsvermədə Karlos Alberto Pavon aşkar üstünlüklə zirvədə qərarlaşıb.

Honduras yığmasının və bu ölkənin “Real Espana” klubunun futbolçusu respondentlərin 1/4-dən çoxunun rəğbətini qazanıb. Futbolçu 177 min 177 səs toplayıb. İkinci pillədə isə Türkiyə milli komandasının və “Qalatasaray”ın ulduzu Arda Turan qərarlaşıb. Ölkəmizdə də kifayət qədər pərəstişkarı olan Arda Pavondan çox geri qalsa da, 50 min 213 səs onun ikinciliyi üçün yetərlidir. 34 min 976 səs toplayan çinli Li Jinju (“Şandun”) ilk “üçlüy”ü tamamlayır.

Rusiya milli komandasının lideri, Bakıda yığmamızın qapısına qol vuran andrey Arşavin 7-cidir. “Arsenal”ın hücumçusu 19 min 513 səs yığıb. Planetin 8-ci futbolçusu isə əslən azərbaycanlı olan Əli Kərimidir. İran yığmasının və “Stl Əzin” klubunun hücumçusu 16 min 785 xala malikdir. İlk “onluq”da sonuncu yeri Hollandiya “Tvente”sinin heyətində Ağdamın “Qarabağ” klubuna qarşı oynamış kosta-rikalı Brayan Ruis tutur.

Maraqlıdır ki, ilin futbolçusu seçilərək “Qızıl top”a layiq görülən Lionel Messi populyarlığına görə 31-ci yerlə kifayətlənir. Onun dünyada cəmi 3523 pərəstişkarı var.