Petar Zlatinov: “Xəzər-Lənkəran”a qol vuracağıma ümid edirəm
04.12.2009 - 13:56
Petar Zlatinov: “Xəzər-Lənkəran”a qol vuracağıma ümid edirəm
“Bütün oyunlara olduğu kimi, “Xəzər-Lənkəran”la görüşə də ciddi hazırlaşırıq. Lənkəran təmsilçisi ilə qarşılaşmada qələbə qazanmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter” klubunun futbolçusu Petar Zlatinov deyib.

Unibank Premyer Liqasının XII turunda Yevlaxda “Karvan”la görüşdə vurduğu qolla qələbədə (2:0) pay sahibi olan 28 yaşlı yarımmüdafiəçi “Xəzər-Lənkəran”la matçda da fərqlənə bilib: “Karvan”la oyun ağır keçdi. Bu mövsümdə “Karvan”la üç dəfə qarşılaşmışıq və hər üçündə qələbə qazanmışıq. Bilirdim ki, yevlaxlılar “İnter”i məğlub etmək üçün mübarizə aparacaqlar. Yaxşı ki, nəticədə biz 2 qol vurub oyundan qalib ayrıldıq. Hər oyuna qol vurmaq əzmi ilə çıxıram və bu görüşdə də ilk qolu vurmaq mənə nəsib oldu”.

Zlatinov “İnter”in tarixində Lənkəranda qazandığı yeganə qələbədə (3:1) həm gözəl oyunu, həm də vurduğu qolla böyük rol oynayıb. “Xəzər-Lənkəran”la oyunda da qol vuracağıma ümid edirəm. Rəqib güclü və daim çempionluğa oynayan komandadır. Buna baxmayaraq, biz ancaq qələbə haqqında fikirləşirik. Proqnoz verməyi xoşlamıram. Amma onu deyə bilərəm ki, biz meydana qələbə qazanmağa çıxmalıyıq”.

Qeyd edək ki, “İnter” – “Xəzər-Lənkəran” oyunu dekabrın 6-da saat 18:00-da başlayacaq.