Mircavadov: Kim istəyər ki, ailəsi dağılsın?
05.12.2009 - 21:10
Mircavadov: Kim istəyər ki, ailəsi dağılsın?
“Kostadin Cambazov daha komandamızda oynamaq istəmir. Onun ailə problemləri olduğundan, hələ də vətənindədir. Klub rəsmilərimiz Cambazovla dəfələrlə əlaqə saxlamağa çalışsa da, bu, bir nəticə vermir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Mircavadov 2007-ci ilin yayında transfer etdiyi bolqar müdafiəçilərdən Radomir Todorovdan fərqli, Kostadin Cambazov hələ oktyabrda komandanın düşərgəsini tərk edib. Ailə problemlərini əsas gətirərək, qısa müddətə icazə alan Cambazov hələ də qayıtmayıb. Kostadin saytımıza müsahibəsində kiçik qızının ondan heç cür ayrılmaq istəmədiyini, ondan ötrü daim ağladığını desə də, bu səbəbdən daha çox bəhanəyə bənzəyir. Elə Mircavadov da bununla razılaşır: “Ola bilər ki, Cambazov bunu bəhanə edərək, gəlmək fikrində deyil. Kostadin hər şeydən üstün tutduğu ailəsinin dağılmasını istəmir. Kim istəyər ki, ailəsi dağılsın? Ancaq futbolçu ilk növbədə peşəkar olmalı, gəldiyi yerə tez uyğunlaşmalı, oranı sevib, qayda-qanunlarına riayət etməlidir. Mən komandamızdan gedən hər iki legioner, həm Cambazov, həm də türkiyəli Fatih Sonkaya ilə çox danışdım. Sonkayanın problemi nizam-intizamla bağlı deyildi. Fatih gözəl insandır, ancaq ürəyi burda deyildi. O da ailəsi üçün darıxırdı. Sonkaya milliyətcə türk olsa da, Avropada yaşayıb, oynayıb. Uzun illərdir Hollandiyada yaşayır, Portuqaliyada da çıxış edib. Fatihdə Hollandiya ab-havası var. Mən hər ikisinə inanırdım. Ancaq yaxşı deyiblər ki, həm inan, həm də yoxla”.

“Xəzər-Lənkəran” cari mövsümün gedişində Rəşad Kərimovla da yollarını ayırıb. Ancaq legionerlərdən fərqli, Kərimov Mircavadovun planlarına daxil deyil: “Biz Rəşadı əvəzedici komandaya göndərmişik. O da hələ fikirləşir. Kərimov gənc futbolçudur, oynaması üçün geri qaytardım. Ancaq heyətdə möhkəmlənə bilmədi. Biz ona oyun praktikası qazanmaq üçün əvəzedicilərdə çıxış etməyi, özünə yeni komanda tapmağı təklif etmişik. Nə isə, özü bilər, biz sözümüzü demişik”.

Qeyd edək ki, “Xəzər-Lənkəran” 23 yaşlı Kərimovu başqa kluba icarəyə verməyə hazırdır.