Tovuzdakı matçın pərdəarxası oyunları!
06.12.2009 - 15:42
Tovuzdakı matçın pərdəarxası oyunları!
Dünən Unibank Premyer Liqasının XIII turu çərçivəsində Tovuzda keçirilmiş şübhəli “Turan” – “Neftçi” görüşü ətrafında söz-söhbətlər səngimək bilmir. Bununla bağlı araşdırmalarını davam etdirən apasport.az saytının əməkdaşı nəticəsi əvvəlcədən müəyyənləşdirildiyi söylənilən qarşılaşma haqda ilginc xəbərlər toplayıb.

Öncə qeyd edək ki, birinci hissə “Turan”ın aşkar üstünlüyü şəraitində keçib. Hələ oyundan əvvəl bilindiyi kimi, heyətində xeyli problemi olan “Neftçi” ilk 45 dəqiqə ərzində rəqib qapısı önündə heç bir təhlükəli vəziyyət yarada bilməyib. Əvəzində meydan sahibləri əks-hücum zamanı 2 qol vuraraq, fasiləyə üstün durumda çıxıb.

Bütün sövdələşmələr elə ikinci hissə başlamazdan öncə, yəni, fasilə zamanı cərəyan edib. Belə ki, “Turan” rəhbərliyindən baş məşqçi Nizami Sadıqova zəng edilib və bildirilib ki, “oyun “Neftçi”yə verilməlidir, vəssalam!” Tovuzda müəyyən nüfuza malik həmin şəxs əlavə edib ki, əgər ikinci hissədə “Turan” 3 top buraxıb uduzmasa, futbolçu və məşqçilərin pulları verilməyəcək. Üstəlik, komanda dağılacaq! Sadıqov öz növbəsində aldığı tapşırığı futbolçulara tapşırıb. Onlar da öz növbəsində ikinci hissədə rəqibə qol vurmağa kömək ediblər və qərb təmsilçisi bilərəkdən öz qapısından 3 top buraxıb.

Acınacaqlı haldır ki, rəhbərliyi Çempionlar Liqasının qrup mərhələsindən dəm vuran “Neftçi” hər 3 qolu vurmaqda “çətinliklə” üzləşib. Belə ki, yerli futbolçular 3 dəfə bakılıların hücumçusu Samir Əliyevə qapıçı ilə təkbətək qalmağa şərait yaradırlar. Ancaq Samir bu “hədiyyə”dən yararlana bilmir ki, bilmir. Onun zərbələri “çərçivə”yə düşmür.

Amma hər şey “ssenari üzrə” gedir. İkinci hissənin əvvəllərində meydan sahibləri futbol oynamır və Adrian Neaqa nəzərdə tutulan ilk qolu vurur.

“Neftçi”nin vurduğu ikinci qol epizodunda İrlandiya ilə oyunda Fransa yığmasının futbolçusu Tyeri Anrinin “üsulundan” istifadə olunub. Belə ki, “Turan”ın cərimə meydançasında Marian Aliuta topu əllə eston legioner Dmitri Kruqlova ötürür. Onun zərbəsi isə “qarşısıalınmaz” olur.

Üçüncü qol isə standard vəziyyətdən vurulur. Neaqanın təxminən 20-23 metrdən yerinə yetirdiyi cərimə zərbəsi tora qovuşur. Həmin an qapıçı da daxil olmaqla, canlı səddə və cərimə meydanında dayanan “Turan” futbolçularından heç biri yerindən tərpənmir. 3:2 hesablı “möhtəşəm” qələbə qazanan “Neftçi” Bakıya 3 xalla dönür.

Oyundan sonra isə azarkeşlər oyunun satılmasını əsas gətirərək, futbolçu və məşqçiləri daş-qalaq etməklə yanaşı, ən müasir küçə söyüşlərinə “qonaq” edirlər. Qəzəblənmiş fanatlar baş məşqçi Nizami Sadıqovu istefaya səsləyirlər. Amma nə faydası? Sadıqov səhhətində problem yarandığını əsas gətirərək, oyun sonrası mətbuat konfransına qatılmır. Azarkeşlər isə yerli polisin müdaxiləsindən sonra stadiondan çıxarılır.

Bununla bağlı bəzi futbolçuların fikirlərini bilmək maraqlı olardı. Amma bizimlə danışmaqdan imtina edən bəzi futbolçular “bizə dedilər uduzun, biz də uduzduq” – deyə məsuliyyəti üzərilərindən atmağa çalışdılar.

“Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov isə qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında maraqlı açıqlama verib: “Səmimi deyirəm, mənim heç nədən xəbərim yoxdur. Danışılmış oyunlar yalnız rəhbərlik səviyyəsində olur”.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə apasport.az saytına bildirib ki, əlində hər hansı faktı yoxdur: “Mən hazırda işdəyəm. Həmin qarşılaşmanın videoyazısına komissiya ilə birgə baxacağıq və sonda həmişə olduğu kimi, ədalətli qərar çıxaracağıq”.

Araşdırmamızı davam etdirəcəyik!
0