Fariz Yusifovu ağır cəza gözləyir
06.12.2009 - 21:25
Fariz Yusifovu ağır cəza gözləyir
AFFA daha bir hakimi cəzalandırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu dəfə hədəfdə FİFA hakimi Fariz Yusifovdur.

Yusifov ölkə çempionatının XIII turunda dünən Sumqayıtda “Standard”ın “Bakı”ya 3:4 hesabı ilə məğlub olduğu oyunu idarə edib. Onun 90 dəqiqə ərzində bir neçə kobud səhvə yol verdiyi, meydan sahiblərinin təmiz qolunu hesaba almaması və bir neçə dəfə futbolçulara sarı vərəqə göstərməməsi bildirilir. Həmçinin qeyd olunur ki, FİFA hakimi bərbad idarəçiliyinə görə matçın hakim-inspektoru Orucəli Durmuşovdan kafi qiymət – 4 alıb.

Durmuşov isə apasport.az saytına açıqlamasında geniş açıqlama vermək istəməyib: “Həqiqətən də, Farizin səhvləri olub. Ancaq mən hələlik onun idarəçiliyinə qiymət verməmişəm. Sabah raportu AFFA-ya təqdim edəcəm. Bundan sonra sizə dəqiq məlumat verərəm. Hər halda, Yusifovu öldürəsi deyiləm ki...”.

Bu barədə apasport.az saytına açıqlama verən etibarlı mənbənin sözlərinə görə, Yusifov ümumiyyətlə ağır cəza alaraq, uzun müddətə hakimlikdən kənarlaşdırılacaq.

Xatırladaq ki, bu ilin martında FİFA referisi Babək Quliyev də hakimlikdən kənarlaşdırılmışdı.
0