Azərbaycan milli komandası İspaniya ilə qarşılaşa bilər
07.12.2009 - 10:41
Azərbaycan milli komandası İspaniya ilə qarşılaşa bilər
Avropa çempionatının final mərhələsinə hazırlaşan Azərbaycan futzal yığması İspaniya ilə qarşılaşa bilər. Apasport.az saytının məlumatına görə, komandamızla qarşılaşmaq perspektivini İspaniya millisinin baş məşqçisi Venansio Lopes açıqlayıb.

Macarıstandakı qitə birinciliyinə titulunu qorumaq üçün yollanacaq pireneylilər Azərbaycan yığmasına sınaq matçındakı potensial rəqib kimi baxır. Lopesin sözlərinə görə, dekabrın 28-29-da öz meydanında iki yoxlama oyunu keçirəcək yetirmələrinin millimizlə qarşılaşması daha inandırıcı görünür. Lopes hələ dekabrın 3-də dəqiqləşməli olan rəqibin yalnız həftənin ortalarında müəyyənləşəcəyini bildirib: “İndiyədək Polşa, Portuqaliya və Fransa yığmalarından biri ilə qarşılaşacağımız gözlənilirdi. Amma indi bu variantlar uzaq görünür. Hər halda, Azərbaycan və ya Misirlə görüşmək ehtimalımız daha böyükdür”.

Qeyd edək ki, iki dəfə dünya, dörd dəfə Avropa çempionu olan ispaniyalılar son mundialda Braziliyadan sonra ikinci olublar.
0