“Karvan” üçün iki antirekord
07.12.2009 - 11:03
“Karvan” üçün iki antirekord
“Karvan” Unibank Premyer Liqasının XIII turunda 2 antirekorda imza atdı. Apasport.az saytının məlumatına görə, Yevlax təmsilçisi həm 5 illik tarixində ilk dəfə turnir cədvəlində son pillədə yer aldı, həm də cari mövsümdə üçüncü avtoqola imza atdı. Özü də bunlar son bir ayda qeydə alınıb. Bu dəfə də qapıları səhv salan yarımmüdafiəçi Anar Həsənov olub.

O, “Olimpik-Şüvəlan”la səfər oyununun 52-ci dəqiqəsində topu öz qapısına göndərməklə, rəqibin fərqlənməsinə imkan yaradıb. Maraqlısı odur ki, Anar hər iki avtoqolu “Şəfa” stadionunda edib və hər iki görüşdə komandası eyni hesabla uduzub. “Karvan”ın cari mövsümdə 0:4 hesabı ilə uduzduğu digər oyun Azərbaycan kubokunun 1/8 final mərhələsində “İnter”lə ilk görüş olub. Bu, “Karvan”ın nəinki cari mövsümdə, ümumiyyətlə, tarixində ən böyük hesablı məğlubiyyətləridir. Həsənov “İnter”lə kubok oyununda 12-ci dəqiqəsində topu öz qapısından göndərib.

Digər maraqlı fakt Anarın hər iki halda, “Şəfa”da eyni qapılara qol vurmasıdır. “Karvan”da avtoqola imza atan daha bir futbolçu isə müdafiəçidir. Bu, yığmamızın da şərəfini qoruyan milliləşən braziliyalı Ernani Pereyradır. O, “İnter”lə ölkə kubokunda Yevlaxda keçirilən cavab görüşünün (2:3) 6-cı dəqiqəsində topu öz qapısından keçirib.

Qeyd edək ki, Anarın qapıları səhv salması özü üçün nə qədər pis hal olsa da, futbolumuzda bu göstərici antirekord deyil. Yəni Həsənov bir vaxtlar MOİK-in heyətində bu baxımdan “fərqlənən” müdafiəçi Natiq Qasımovun yanında necə deyərlər, “toya gedəsidir”. Məsələ ondadır ki, Natiq 2005/06 mövsümündə üç avtoqol etmişdi. Maraqlısı odur ki, o, elə “Karvan”a böyük hesabla uduzduqları oyunda (0:5) iki dəfə (15 və 69-cu dəqiqələrdə) öz qapısına qol vurub. Hazırda Əkbərov soyadını daşıyan Natiqin bu antirekordunu elə bu il “Milan”da çıxış edən tanınmış gürcü müdafiəçi Kaxa Kaladze təkrarladı. Kaladze kapitanı olduğu milli komandasının heyətində İtaliya yığması ilə evdə keçirdikləri rəsmi oyunda (0:2) iki avtoqol etdi.
0