“Turan” və “Neftçi” I diviziona göndərilməlidir!”
07.12.2009 - 11:10
“Turan” və “Neftçi” I diviziona göndərilməlidir!”
“Turan” klubunun sabiq icraçı-direktoru Yaşar Sultanovun apasport.az saytına müsahibəsi

- Yaşar müəllim, son iki gündə ölkə idman mətbuatının gündəmini “Turan” - “Neftçi” matçı zəbt edib. Bu qarşılaşma haqda nə deyə bilərsiniz?
- “Turan” və “Neftçi” arasında razılaşdırılmış oyun olub. Tərəflər görüşün nəticəsini qabaqcadan razılaşdırıblar və qarşılaşma nəzərdə tutulan kimi, nəticələnib. Bu iddiaları irəli sürmək üçün xüsusi hüquqi biliyə malik olmaq lazım deyil. Oyun barədə elementar araşdırma apardıqda, hər şey aydın görünür.

- Nəyə əsasən, “Turan”ın “Neftçi”yə bilərəkdən uduzduğunu iddia etmək olar?
- Oyunun xarakterinə görə. Birinci hissədə tovuzlular iki qol vurub, irəli çıxırlar. Fasilədən sonra isə mübarizə aparmır və rəqibin 3 dəfə fərqlənməsinə imkan yaradırlar. İmkan yaratmaq o demək deyil ki, “Neftçi”nin oyunçularına qol vurmaq üçün ötürmə verirlər. Sadəcə, matç zamanı sən qaçmırsan, əvəzində rəqib qaçıb, qol vurur.

- Sizcə, “Turan”ın rəqibə 3 xal bağışlamasında əsas məqsədi nədir?
- Açığı, mən bu oyuna canlı baxmamışam. Ancaq qarşılaşmanın gedişini dəqiqəbədəqiqə izləmişəm. 90 dəqiqə ərzində mənim telefonum susmayıb. “Turan”ın niyə görə “Neftçi”yə bilərəkdən uduzduğunu söyləyə bilmərəm. Çünki razılaşma anında orada olmamışam. Tərəflər müxtəlif məqsədlərlə danışıqlara gedə bilərlər.

- Ümumiyyətlə, “Turan”ın sabiq icraçı-direktoru kimi, baş verənləri necə qarşıladınız?
- Mən bu klubda icraçı-direktor, eləcə də İdarə Heyətinin üzvü olanda da, “Turan”ın şərəfini öz şərəfim bilmişəm. Bizim dövrümüzdə heç vaxt belə hal olmayıb. Həmişə komandanı çirkin oyunlardan qorumağa çalışmışıq. Təbii ki, son olaylar mənə çox pis təsir göstərdi.

- Demək olarmı ki, “Neftçi” ilə oyun “Turan”ın tarixində ən böyük ləkədir?
- Bunu həm ləkə, həm də xəyanət adlandırardım. Tovuzlu azarkeşləri aldatmaq qeyri-mümkündür. Onlar işin nə yerdə olduğunu dərhal anlayıblar. Əksər klublardan fərqli, “Turan”ın təkcə Tovuzda deyil, Azərbaycanın bütün regionlarında azarkeşi var.

- Oyundan sonra “Turan”ın rəsmiləri və ya məşqçiləri ilə əlaqə saxlamamasınız?
- Onlarla danışmağa cəhd göstərmişəm. Lakin zənglərimə heç kim cavab verməyib.

- Sizcə, indi bu klublar barəsində hansı qərarlar verilməlidir? Razılaşdırılmış oyuna gedənlər cəzalandırılmalıdır, yoxsa...?
- Hazırda ciddi jurnalist araşdırmasına ehtiyac var. Eyni zamanda, AFFA-nın müvafiq strukturları da məsələyə dərhal müdaxilə etməlidirlər. Fikrimcə, xarici təcrübəni Premyer Liqaya tətbiq etmək lazımdır. Məsələn, bir neçə il öncə İtaliyada “Yuventus” klubu A seriyasından çıxarıldı. Əgər “Turan” və “Neftçi”nin razılaşdırılmış oyuna getdiyi rəsmən təsdiqlənərsə, hər iki komanda I diviziona göndərilməlidir.
0