AFFA hər şeydən xəbərdardır: Danışılmış oyunda “Turan” mütləq cəzalandırılacaq!
07.12.2009 - 11:59
AFFA hər şeydən xəbərdardır: Danışılmış oyunda “Turan” mütləq cəzalandırılacaq!
Unibank Premyer Liqasının XIII turunda keçirilən “Turan” – “Neftçi” matçında baş verənlər yazılı şəkildə AFFA-ya təqdim olunub. Apasport.az saytının məlumatına görə, nəticəsi şübhəli sayılan görüşdə yaşanan hadisələr matçın rəsmi protokolunda da əks olunub.

Amma protokolda oyunun hansı axarda davam etməsi deyil, biabırçılığı həzm edə bilməyən azarkeşlərin hərəkətləri qeyd olunub. İkinci hissənin gedişində və matç bitdikdən sonra tamaşaçıların kresloları sındırması və rəngarəng şüarlar səsləndirməsini hakimin protokolunda qeyd olunub. Yerli fanatlar AFFA-nın qadağan etdiyi “istefa” şüarı ilə kifayətlənməyib müxtəlif qeyri-etik ifadələr də səsləndirib. Bütün bunlar, həmçinin meydançaya kənar əşyanın atılması isə “Turan”ın mütləq cəzalanacağı deməkdir. AFFA-nın İntizam Komitəsi təkcə hakimin protokoluna əsasən meydan sahiblərinə cəza kəsəcək.

Qeyd edək ki, “Turan”ın 2:3 hesabı ilə məğlub olduğu görüşün nəticəsi şübhəli sayılır. Tovuzluların 2:0 hesabı ilə öndə olduğu oyunun ikinci hissəsində “Neftçi”nin 3 qol “vurması” matçın danışılmış olması ehtimalını yaradıb.
0