PFL danışılmış oyunu araşdırmaq üçün 5 nəfərlik komissiya yaratdı
07.12.2009 - 12:52
PFL danışılmış oyunu araşdırmaq üçün 5 nəfərlik komissiya yaratdı
Unibank Premyer Liqasının XIII turunda Tovuzda “Turan” və “Neftçi” arasında keçirilmiş şübhəli oyunda baş verənləri araşdırmaq üçün komissiya yaradılıb. Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.

Onun sözlərinə görə, komissiyanın tərkibi 5 nəfərdən ibarətdir. Komissiya üzvlərinin adlarını açıqlamaqdan imtina edən PFL prezidenti onların müstəqil fikir yürüdəcəklərinə təminat verib. Komissiya üzvləri “Turan” – “Neftçi” matçının videoyazısını bu gün izləyərək, oyunun danışılmış olub-olmadığına dair qərarlarını açıqlayacaqlar: “Hər halda, oyunu PFL-in operatorları çəkib, videoyazısı var. Matçın razılaşdırılmış olub-olmadığına dair qərarı müstəqil komissiya qəbul edəcək. Bu haqda sabahadək rəsmi açıqlama veriləcək”.